Nizami Gəncəvi – dahi Azərbaycan şairi və mütəfəkkiri

Virtual sərgi

Nizami Gəncəvi – dahi Azərbaycan şairi və mütəfəkkiri

Azərbaycan ədəbiyyatının klassiki, dünya poeziyasının ən böyük sənətkarlarından biri olan Nizami Gəncəvi (1141–1209) zəngin yaradıcılığı ilə Şərq və dünya ədəbi-fəlsəfi fikrinin inkişafına mühüm təsir göstərmişdir. XII əsrdə Gəncə şəhərində yaşayıb-yaratmış şairin əsərləri yüksək bədii-estetik dəyəri, humanist ideyaları və dərin fəlsəfi məzmunu ilə seçilir. Nizami Gəncəvinin yaradıcılığının zirvəsini təşkil edən məşhur "Xəmsə" ("Beşlik") poemalar toplusuna "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi"), "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" əsərləri daxildir. Bu əsərlərdə ədalət, humanizm, mənəvi kamillik, elm və hikmət, məhəbbət, sədaqət və insan ləyaqəti kimi ümumbəşəri dəyərlər öz parlaq bədii ifadəsini tapmışdır. Nizami irsi əsrlər boyu Azərbaycan mədəniyyətinin və ədəbi düşüncəsinin ayrılmaz hissəsi olmaqla yanaşı, Şərq xalqlarının ədəbiyyatına və incəsənətinə də güclü təsir göstərmişdir. Onun əsərləri müxtəlif dillərə tərcümə edilmiş, dünya ədəbiyyatının qiymətli nümunələri sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycan xalqının milli-mənəvi sərvəti olan Nizami Gəncəvi irsinin öyrənilməsi, qorunması və təbliği ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Virtual sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərləri, dünya ədəbiyyatında yeri, onun irsinin tədqiqi və nəşri ilə bağlı kitab, məqalə, foto və digər materiallar təqdim olunur.