20 Sentyabr - Dövlət Suverenliyi Günü

Virtual sərgi

20 Sentyabr - Dövlət Suverenliyi Günü

"20 Sentyabr – Dövlət Suverenliyi Günü" adlı virtual sərgi Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində keçdiyi tarixi yolu, xalqımızın milli iradəsini və dövlətçilik ənənələrini əks etdirir. Sərgidə Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri, ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda aparılan mübarizə, Azərbaycan Ordusunun qazandığı tarixi qələbələr və bu qələbələrin dövlətçilik tariximizdəki əhəmiyyəti barədə nəşrlər təqdim olunur. Sərginin əsas bölmələrindən biri 44 günlük Vətən müharibəsi və onun nəticələrinə həsr edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmuş, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra bölgədə yeni siyasi və hərbi reallıqlar formalaşmışdır. Virtual sərgidə dövlət suverenliyinin tarixi, siyasi və hüquqi əsaslarını əks etdirən monoqrafiyalar, kitablar, elmi əsərlər öz əksini tapmışdır. Təqdim olunan kitablar Azərbaycan dövlətinin müstəqillik və suverenlik prinsiplərinə sadiqliyini, xalqımızın milli birlik və həmrəylik nümunəsini, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini və qazilərimizin qəhrəmanlığını əks etdirir.