Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla XIX əsrin sonu - XX əsrin əvvəllərində böyük inkişaf yolu keçmişdir.
26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Bu əlamətdar günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi isə təsadüfi deyil. Belə ki, ÜƏMT-in təsis edilməsi haqqında Konvensiya 1970-ci ilin məhz bu tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur. 2006-cı ildə ÜƏMT ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Proqramı imzalanmışdır.
Sovet Rusiyası Qafqaza, xüsusilə də Azərbaycana dair siyasətində, əslində, çar Rusiyasının varisi kimi çıxış edirdi. Bakı bolşeviklər üçün təkcə nefti, habelə müstəsna iqtisadi potensialı ilə deyil, həm də bütün Yaxın və Orta Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli idi. 1918-ci ildə daşnak-bolşevik S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi. Bakı bolşevikləri 1919-cu ilin yazından AXC Hökumətinin əleyhinə fəaliyyətlərini daha da genişləndirdilər.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu məhv edildi və zərərsizləşdirildi.
Dramaturq, publisist, teatr xadimi Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü il aprel ayının 2-də Şuşada doğulmuşdur. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. 1878-ci ildə Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. N. Vəzirov Azərbaycan professional teatrının yaradıcılarındandır. İlk dəfə 1873-cü ildə Həsən bəy Zərdabi ilə birlikdə M. F. Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarını tamaşaya qoymuşdur. 1875-ci ildən “Əkinçi” qəzetində çap olunmağa başlamışdır.
Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı milli musiqi mədəniyyəti xəzinəmizin dəyərli səhifələrini təşkil edir. Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində Zeynallı ailəsi Bakıya köçür. 1922-26-cı illərdə o, Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının əvvəl orkestr fakultəsinə daxil olur, sonra isə bəstəkarlıq fakultəsində təhsilini davam etdirir.
Molla Pənah Vaqif 1717-ci ildə Qazaxın Salahlı kəndində doğulmuşdur. Şair, dövlət xadimi. Mədrəsə təhsili almışdır. Ərəb, fars dillərini bilmiş, astronomiya və memarlıqla məşğul olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. Adı Pənah, təxəllüsü Vaqifdir. Hörmətli şəxs olduğu üçün Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü ilə şeirlər yazmağa dəvət etmişdir. XVIII əsrdə Gürcüstan sərhədində baş verən münaqişələr bir sıra ailələr kimi, onun da ailəsinin oradan köçməsini zəruri edir. Onlar əvvəl Gəncəyə, sonra Qarabağa, oradan da xanlığın mərkəzi olan Şuşa şəhərinə köçürlər.
Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Əfzələddin Xaqani Şirvani 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir.
Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi.
Bu gün ölkəmizdə inşaatçıların peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u respublikamızda İnşaatçılar Günü kimi qeyd edilir. Dövlət başçısı tərəfindən belə bir Sərəncamın imzalanması, ilk növbədə inşaat sahəsində çalışanlara verilən dəyərdir. İnşaat və memarlıq sahəsində qədim tarixi ənənələrə malik olan ölkəmiz maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanın diqqət mərkəzində olub. Qiymətli maddi mədəniyyət nümunəsi hesab olunan İçərişəhər və onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar Saray Kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycanın dünya mədəni irsinə töhfəsi hesab olunur.