Azərbaycanda müstəqillik dövrü epoxasında demokratik seçki sistemi formalaşmış, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi.
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir.
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyinə qovuşmuşdur. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. 1980-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.
Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər salınsa da, onlardan ancaq ikisi, Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində yerləşənlər dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır.
20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı Sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Energetiklər Gününün təsis edilməsi ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Zəngilan rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayоnu, cənubdan Araz çayı bоyunca İran İslam Rеspublikası, qərbdən isə Еrmənistanın Mеhri və Qafan rayоnları ilə həmsərhəddir. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir. Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qubadlı rayonun inzibati mərkəzi Qubadlı şəhəridir, sahəsi 802 kvadrat kilometrdir. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur.
Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən Osmanlı imperatorluğundan sonra yeni dövlətin – Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi. Tarixdən bəlli olduğu kimi, I Dünya müharibəsi (1914-1918) gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı.