1 Okyabr Beynəlxalq Musiqi Günüdür. Musiqi, yer üzündə min illərdir mövcud olan, bəşəriyyətin ən böyük ixtirasıdır. Bu unikal mədəniyyət dili, insanların özünüifadəsinin ayrılmaz hissəsidir, müxtəlif xalqların mədəni ənənələrini və adətlərini özündə əks etdirir. Beynəlxalq Musiqi Günü UNESCO-nun nəzdindəki Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə 1973-cü ildə Lozannada təsis edilib və 15-ci Baş Assambleyanın qərarı ilə 1975-ci ildən başlayaraq bütün dünyada qeyd olunur. Hər il oktyabrın 1-də bütün ölkələrdə gözəl musiqicilərin və incəsənət xadimlərin iştirakı ilə konsertlər keçirilir, həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu tarix Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Təqdirəlayiq haldır ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin ev sahibliyi etməsi və mühim tarixi sənədlərin imzalanması türk dövlət və xalqlarının ictimai-siyasi həyatında mühüm tarixi səhifə açdı.
Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü. Bütün bunlar ümumi böhrana gətirib çıxarmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə ölkədə hakimiyyətlə ordu komandanlığı arasında ziddiyyətlər getdikcə dərinləşirdi. Polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin dövlət hakimiyyətinə tabe olmaması ölkəni tamamilə xaosa sürükləmişdi. Gəncəyə gedən dövlət nümayəndələri girov götürülmüşdü.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx örtülü olub. Araz boyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib və təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edirlər. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlamış və onların xidmətləri haqqında ürəkdolusu danışmışdır.
9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə Ümumdünya Poçt İttifaqının ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Bir çox poçt təşkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. Buna misal olaraq “Japan Post”, "Post Danmark", "Deutsche Post" və digərlərini göstərmək olar.
Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada qədim abidilərə də rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi , Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub.
Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-13 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı. XVIII əsrdən başlayaraq, Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi.
Azərbaycanın görkəmli şairi, tərcüməçi, publisist Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1940-cı ildə o, Şahbuz rayonunun Nursu kənd məktəbinin birinci sinfinə gedir. Məktəbdə təhsil aldığı zaman 1945-ci ildə atası İnfil kişi «xalq düşməni» adı ilə Sibirə sürgün olunur. 1950-ci ildə Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olunur, tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan "Yanın, işıqlarım" şeiri ilə ədəbiyyata qədəm qoyur.