





































Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən hər il 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2022-ci il avqustun 26-da Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə qaytarılması və ölkəmizin ərazi bütövlüyünün bərpası tarixinin mühüm mərhələlərindən biri kimi böyük tarixi-siyasi əhəmiyyət daşıyır. Laçın əsrlər boyu zəngin tarixi, milli-mədəni irsi, özünəməxsus folkloru və təbii gözəllikləri ilə Azərbaycanın seçilən bölgələrindən biri olmuşdur. İşğal dövründə şəhərin tarixi və mədəni irsinə ciddi ziyan vurulsa da, bu gün Laçında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, doğma sakinlərin Böyük Qayıdışı mərhələli şəkildə təmin edilir. Təqdim olunan virtual sərgidə Laçın şəhərinin zəngin tarixi, mədəni irsi, əsrarəngiz təbiəti, işğal və azadlıq salnaməsi, həmçinin şəhərdə həyata keçirilən bərpa, yenidənqurma və inkişaf işlərini əks etdirən nəşrlər təqdim olunur. Sərginin məqsədi oxucuları Laçının keçdiyi tarixi inkişaf yolu, milli-mənəvi dəyərləri, bu günü və gələcək inkişaf perspektivləri ilə tanış etmək, şəhərin Azərbaycanın dövlətçilik tarixində, ərazi bütövlüyünün bərpası prosesində və milli yaddaşımızda tutduğu mühüm yeri nümayiş etdirməkdir.