Prezident Kitabxanası görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru Sara Aşurbəylinin anadan olmasının 120 illiyi münasibətilə “Sara Aşurbəyli – 120” adlı virtual sərgi təqdim edib. Virtual sərgi Azərbaycan tarix elminin tanınmış nümayəndəsi, görkəmli tarixçi-alim, şərqşünas və tədqiqatçı Sara Aşurbəylinin fundamental və çoxşaxəli elmi irsinin sistemli şəkildə ictimaiyyətə təqdim olunmasına xidmət edir.
Sara Aşurbəyli ömrünü Azərbaycan elminə, tarixinə və mədəniyyətinə həsr etmiş görkəmli ziyalılardandır. Yaxın və Orta Şərq xalqları tarixini dərindən tədqiq etmiş alim Bakı şəhərinin tarixinin ilk fundamental tədqiqatçısı kimi Azərbaycan tarixşünaslığında xüsusi mövqeyə malikdir. Onun elmi irsi əsasən Bakının, xüsusilə İçərişəhərin orta əsrlər tarixi, Şirvanşahlar dövləti, eləcə də Azərbaycanın etnogenez, mədəniyyət və şəhərsalma məsələlərinin elmi araşdırılmasını əhatə edir.
Virtual sərgidə Sara Aşurbəylinin Azərbaycan tarixinin müxtəlif mərhələlərinə dair fundamental monoqrafiyaları, Bakı şəhərinin orta əsr dövrünə və Şirvanşahlar dövlətinin tarixinə həsr olunmuş elmi tədqiqatları, həmçinin alimin elmi fəaliyyəti və irsi barədə nəşr edilmiş araşdırmalar təqdim olunur. Bu materiallar Sara Aşurbəylinin elmi irsinin miqyasını, tədqiqatlarının elmi dəyərini, zəngin mənbəşünaslıq bazasına əsaslanan tədqiqat metodologiyasını və elmi irsinin əsas xüsusiyyətlərini əks etdirir.
“Sara Aşurbəyli – 120” virtual sərgisi görkəmli alimin elmi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı elmi-informativ mənbə rolunu oynayır, Azərbaycan tarix elminin inkişaf yolunu və formalaşmış elmi ənənələri daha dərindən öyrənmək üçün geniş imkanlar yaradır.
Virtual sərgi Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, tanınmış tarixçi-alim, şərqşünas və tədqiqatçı Sara Aşurbəylinin zəngin elmi irsinə həsr edilmişdir. Sərgidə alimin Azərbaycan tarixinin müxtəlif dövrlərinə, xüsusilə Bakı şəhərinin orta əsr…