Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” adlı alt bölməsində görkəmli Azərbaycan yazıçısı, Xalq yazıçısı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai-siyasi xadim, professor Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş virtual kolleksiya istifadəyə verilib.
Kolleksiyada müəllifin müxtəlif dövrlərdə nəşr olunmuş bədii, publisistik və ədəbi-tənqidi əsərləri, dramaturji irsi, eləcə də həyat və fəaliyyəti ilə bağlı nəşrlər yer alır. Burada təqdim olunan əsər nümunələri Elçin Əfəndiyevin milli ədəbi fikrin formalaşması və inkişafında tutduğu mövqeyi, Azərbaycan nəsrinə gətirdiyi bədii-estetik yenilikləri və çoxşaxəli fəaliyyət istiqamətlərini əhatəli şəkildə əks etdirir.
Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynamış sənətkarlardandır. Onun roman, povest, hekayə və pyeslərində insanın mənəvi aləmi, cəmiyyətin sosial-psixoloji problemləri, tarixi yaddaş və milli-mənəvi dəyərlər dərin bədii təhlil predmetinə çevrilmişdir. Yazıçı uzaq və yaxın tarixi keçmişimizə müraciət etdiyi əsərlərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunması və təbliğini daim diqqət mərkəzində saxlamışdır.
Müəllifin ssenariləri əsasında ekranlaşdırılan filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş, pyesləri müxtəlif teatr səhnələrində nümayiş etdirilmişdir. Əsərləri bir çox xarici dillərə tərcümə olunan Elçin Əfəndiyevin yaradıcılığı beynəlxalq ədəbi mühitdə geniş yayılmışdır. O, eyni zamanda tənqidçi və ədəbiyyatşünas kimi klassik irs və müasir ədəbi prosesə dair elmi-nəzəri araşdırmalar, portret-oçerklərlə ədəbi fikrin inkişafına töhfə vermişdir.
Elçin Əfəndiyev ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Bu fəaliyyət onun azərbaycançılıq ideoloji xəttinə bağlılığını və ictimai-mədəni proseslərdə iştirakını ifadə edir.
Prezident Kitabxanasının hazırladığı virtual kolleksiya Elçin Əfəndiyevin zəngin ədəbi irsinin rəqəmsal mühitdə sistemli şəkildə qorunmasına və geniş oxucu auditoriyasına çatdırılmasına xidmət edir. Resurs tədqiqatçılar, tələbələr, ədəbiyyatşünaslar və Azərbaycan ədəbiyyatına maraq göstərən oxucular üçün faydalı mənbə olmaqla yanaşı, müəllifin çoxqatlı yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaradır.
Bu virtual kolleksiya görkəmli Azərbaycan yazıçısı, dramaturq və publisist Elçin Əfəndiyevin zəngin yaradıcılıq irsini əks etdirir. Kolleksiyada yazıçının romanları, povestləri, hekayələri və pyesləri yer alır. Onun əsərləri insanın mənəvi aləmini,…