Bu virtual kolleksiya görkəmli Azərbaycan yazıçısı, dramaturq və publisist Elçin Əfəndiyevin zəngin yaradıcılıq irsini əks etdirir. Kolleksiyada yazıçının romanları, povestləri, hekayələri və pyesləri yer alır. Onun əsərləri insanın mənəvi aləmini, cəmiyyətin sosial-psixoloji problemlərini və milli dəyərləri dərin bədii təhlil ilə təqdim edir. Kolleksiyada təqdim olunan "Mahmud və Məryəm", "Ağ dəvə", "Baş" kimi romanlarda insan taleləri, sevgi, inam və zamanın sınaqları bədii şəkildə təsvir olunur. Dramaturgiyada isə "Ah, Paris... Paris!", "Mənim sevimli dəlim", "Qatil" kimi pyeslər müəllifin orijinal bədii düşüncəsini və həyat fəlsəfəsini əks etdirir. Elçinin əsərləri təkcə Azərbaycan ədəbiyyatında deyil, həm də dünya oxucuları arasında maraqla qarşılanmış, bir çox dillərə tərcümə olunmuşdur. Əsərləri əsasında filmlər və teatr tamaşaları hazırlanmış, yazıçının yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Kolleksiya, yazıçının çoxşaxəli yaradıcılığını nümayiş etdirməklə, onun ədəbi irsini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.