Prezident Kitabxanasında Azərbaycan Respublikasının qədim tarixi-coğrafi və mədəni məkanlarından biri olan Naxçıvana həsr edilmiş “Qədim türk torpağı – Naxçıvan” adlı virtual sərgi istifadəyə verilib. Virtual sərgi Naxçıvanın çoxəsrlik tarixi inkişaf yolunu, mədəni irsini və milli-mənəvi dəyərlərini əks etdirən elmi-tədqiqat və biblioqrafik nəşrlər əsasında yaradılıb.
Sərgidə Naxçıvan ərazisinin ilkin yaşayış məskənlərindən başlayaraq qədim və orta əsrlər dövrünə aid arxeoloji abidələr, memarlıq nümunələri və şəhərsalma ənənələrinə dair materiallar təqdim olunur. Bu materiallar Naxçıvanın Azərbaycan tarixində mühüm yer tutan tarixi-mədəni və sivilizasiya mərkəzlərindən biri kimi formalaşdığını əks etdirir.
Virtual ekspozisiyada Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixindəki rolu, regionun siyasi-inzibati inkişaf mərhələləri, muxtariyyət statusunun formalaşması və müxtəlif tarixi dövrlərdə baş verən ictimai-siyasi proseslər sistemli şəkildə işıqlandırılır. Bundan əlavə, sərgi dövlətçilik ənənələri və idarəetmə sisteminin tarixini əks etdirir.
Sərgidə, həmçinin, Naxçıvanın elmi, mədəni və mənəvi həyatını əks etdirən tədqiqatlar yer alır. Folklor, dilçilik, musiqi mədəniyyəti, tətbiqi sənət sahələri, milli adət-ənənələr, eləcə də bölgənin təbii sərvətləri və ekoloji mühiti ilə bağlı elmi araşdırmalar Naxçıvanın maddi və qeyri-maddi mədəni irsinin müxtəlif istiqamətlərini əhatə edir.
“Qədim türk torpağı – Naxçıvan” adlı virtual sərgi Naxçıvanın tarixini, mədəniyyətini və elmi irsini əhatəli şəkildə təqdim etməklə, həm geniş oxucu auditoriyası, həm də tədqiqatçılar üçün etibarlı elmi-informasiya mənbəyi olmaqla yanaşı, milli yaddaşın qorunması və tarixi irsin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Virtual sərgi Azərbaycan Respublikasının qədim diyarlarından biri olan Naxçıvanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr edilmişdir. Sərgidə Naxçıvanın minilliklərə söykənən tarixi keçmişi, arxeoloji abidələri və nadir memarlıq nümunələri…