Prezident Kitabxanasının fondu türk dünyasının mühüm ədəbi-mədəni irsini əks etdirən daha bir dəyərli nəşrlə zənginləşib. “Dədə Qorqud kitabı”nın Vatikan nüsxəsi əsasında hazırlanmış nəşr, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev (Şirvanelli) tərəfindən kitabxanaya hədiyyə edilib.
Nəşr “Dədə Qorqud kitabı”nın Vatikan nüsxəsinin elmi-tənqidi təhlili əsasında hazırlanıb. Müəllif tərəfindən əsərdəki söz və ifadələrin ayrıca şərhi verilmiş, onların oxunuş və mənalandırılması ilə bağlı mövcud elmi mübahisələrə əsaslı izahlar təqdim olunmuşdur. Eyni zamanda, əsərin dili müasir oxucu üçün anlaşıqlı olması məqsədilə işlənmiş, orijinal mətnin ruhuna toxunmadan təqdimat forması təkmilləşdirilmişdir.
Bu kitab, Prezident Kitabxanasının elmi fonduna mühüm töhfə olmaqla yanaşı, “Dədə Qorqud” irsinin daha geniş oxucu auditoriyasına çatdırılmasına və akademik mühitdə sistemli şəkildə istifadəsinə şərait yaradır. Kitab həm mətnşünaslıq, həm də dil xüsusiyyətləri baxımından tədqiqatçılar, filoloqlar və türkoloji araşdırmalarla məşğul olan mütəxəssislər üçün dəyərli elmi mənbə kimi çıxış edir.
Hacıyev, Asif. Dədə Qorqud kitabı: Vatikan nüsxəsi / A. Hacıyev; elmi red. R. Qafarlı.- Bakı: Elm və təhsil, 2025.- 232 s.