Xəbərlər

Prezident Kitabxanasında 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında 28 May – Müstəqillik Günü münasibətilə videoçarx hazırlanıb, eyni zamanda “28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi təşkil olunub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini dünyaya bəyan etmiş, milli siyasi tarixində yeni mərhələnin əsası qoyulmuşdur. Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilk parlament və hökuməti yaratmış, dövlət atributlarını təsis etmiş, ölkənin siyasi və hüquqi idarəçilik modelinin formalaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Demokratik prinsiplərə əsaslanan Cümhuriyyət müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşmüş, sonrakı dövrlərdə müasir Azərbaycanın siyasi-hüquqi inkişafına və müstəqil dövlətçilik ənənələrinin möhkəmlənməsinə əsaslı təsir göstərmişdir.

Müstəqillik Gününə həsr olunmuş videoçarxda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin tarixi əhəmiyyəti, demokratik idarəçilik ənənələrinin formalaşması və istiqlal ideyasının təşəkkülü tarixi faktlar əsasında təqdim olunur. Videoçarxda Cümhuriyyət dövründə həyata keçirilmiş siyasi-hüquqi yeniliklərə, qadınlara seçki hüququnun verilməsinə, milli dövlət rəmzlərinin təsisinə və üçrəngli bayrağın müasir Azərbaycanın dövlətçilik simvolu kimi yaşadılmasına xüsusi diqqət ayrılır. Tarixi ardıcıllıq əsasında qurulan məzmun xətti Azərbaycan Xalq Cümhuriyyətindən müasir müstəqil Azərbaycana qədər uzanan siyasi varislik ənənəsini əks etdirir.

“28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisində Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və diplomatik fəaliyyəti, parlamentçilik ənənələri, dövlət quruculuğu prosesi, hərb tarixi, milli təhsil və mətbuat siyasəti, istiqlal ideologiyası, mühacirət irsi, görkəmli dövlət xadimlərinin fəaliyyəti, eləcə də dövrə dair arxiv sənədləri və elmi tədqiqatları əhatə edən mövzu üzrə seçilmiş nəşrlər yer alır. Sərgidə təqdim olunan nəşrlər Cümhuriyyət dövrünün müxtəlif istiqamətlərini elmi yanaşmalar və tarixi mənbələr əsasında işıqlandıraraq mövzu haqqında dolğun təsəvvürün formalaşmasına imkan yaradır.

Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsini və istiqlal tarixini daha dərindən öyrənmək istəyən geniş oxucu auditoriyası, tədqiqatçılar, tələbələr və dövlətçilik tarixi ilə maraqlanan şəxslər üçün faydalı mənbə olmaqla yanaşı, tarixi yaddaşın qorunması və milli istiqlal dəyərlərinin təbliği baxımından da əhəmiyyət daşıyır.

Sərgilənən kitablar