Xəbərlər

Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

2025-ci il aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli şair, dramaturq, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim və akademik, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Kitabxananın foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmiş, daha sonra Bəxtiyar Vahabzadənin kitablarından ibarət sərgi ilə tanış olmuşlar.

Konfrans zalında davam edən tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən, böyük ədibin 100 illik yubileyi münasibətilə respublikanın elmi, təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil olunur. Həmçinin o qeyd etmişdir ki, tanınmış ziyalı Fikrət Əsgərovun tərtib etdiyi “Hikmət mücrüsü” kitabının məhz Prezident Kitabxanasında təqdim olunması yubiley münasibətilə dəyərli töhfədir.

Kitabın “Ön söz” müəllifi, filologiya elmləri doktoru, şair İslam Sadıq təqdimat zamanı vurğulamışdır ki, Fikrət Əsgərov şairin bütün külliyyatını araşdıraraq, onun hikmətli kəlam və aforizmlərini 5 fəsil və 26 alt bölmədə toplayaraq sistemli şəkildə oxucuya təqdim etmişdir.

Tədbirdə  Milli Məclisin deputatı Cavanşir Feyziyev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli, Azərbaycan Yazıçılar İttifaqının Şəki bölməsinin sədri Vaqif Aslan, filologiya elmləri doktorları Məsməxanım Qazıyeva, Bahar Cəfərova, Sevinc Əliyeva, Bəxtiyar Vahabzadə haqqında kitabların müəllifi Aida Mirzəyeva çıxış edərək Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, elmi fəaliyyəti və ictimai-siyasi fəaliyyətinə dair dəyərli fikirlər səsləndirmişlər.

Tədbirdə həmçinin, Xalq şairinin sözlərinə bəstələnmiş mahnıların müəllifləri – tanınmış bəstəkarlar Cavanşir Quliyev və Eldar Mansurov çıxış edərək, Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşmüşlər.

Kitabın tərtibçisi Fikrət Əsgərov çıxışında bildirmişdir ki, Bəxtiyar Vahabzadənin bütün nəşrlərini əldə etmək, bu əsərləri sistemli şəkildə araşdırmaq və onların əsasında aforizmlər və hikmətli fikirləri seçib toplamaq prosesi üç ildən artıq müddət tələb etmişdir. O, eyni zamanda belə dəyərli tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Prezident Kitabxanasının rəhbərliyinə xüsusi təşəkkürünü və dərin minnətdarlığını ifadə etmişdir.

Yubilyarın müxtəlif dillərdə çap edilən kitablarının virtual sərgisi də yaradılaraq Kitabxananın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Virtual sərgi
Bəxtiyar Vahabzadə - 100

Bəxtiyar Vahabzadə - 100

Bəxtiyar Vahabzadə Azərbaycan xalqının XX əsrdə yetirmiş olduğu ən böyük simalarındandır. Görkəmli şair vətənpərvərlik, fəlsəfi düşüncələr, sevgi və insanlıq mövzularında dərin mənalı əsərləri ilə xalqımızın ruhuna toxunmuşdur. Şairin yaradıcılığı milli…