Prezident Kitabxanası görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə “Yusif Məmmədəliyev – 120” adlı virtual sərgini oxucuların istifadəsinə təqdim edib.
Virtual sərgidə alimin elmi əsərləri ilə yanaşı, onun həyat və fəaliyyətinə həsr olunmuş monoqrafiyalar, biobiblioqrafik göstəricilər və biblioqrafik məlumat kitabları təqdim olunur. Sərgidə Azərbaycan və rus dillərində nəşr edilmiş fundamental tədqiqatlar, elmi-populyar əsərlər, seçilmiş əsərlər topluları və xatirə nəşrləri daxildir.
Bu nəşrlər akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı rolunu, neft-kimya sahəsində apardığı fundamental elmi araşdırmaları, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının yaranması və formalaşmasındakı xidmətlərini əhatə edir. Sərgidə təqdim olunan materiallar alimin Azərbaycan elmi məktəbinin banilərindən biri kimi fəaliyyət sahələrini əhatəli şəkildə əks etdirir.
Virtual sərgidə, həmçinin Azərbaycan neft sənayesinin tarixi, aviasiya yanacaqlarının müasir kimyası və texnologiyası, Azərbaycan kimyaçılarının elmi irsi kimi mövzuları əks etdirən əsərlər, eləcə də alimin həyat yolunu və elmi fəaliyyətini əks etdirən ensiklopedik və bioqrafik materiallar yer alıb.
Elmi ictimaiyyət, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan virtual sərgi akademik Yusif Məmmədəliyevin elmi irsinin sistemli şəkildə öyrənilməsinə şərait yaradır və bu irsin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edən etibarlı elmi-informasiya resursu kimi çıxış edir.
Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır.…