Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınmışdır. Virtual sərgidə alimin əsərlər və haqqında yazılmış kitablar toplanmışdır.