Xəbərlər

Prezident Kitabxanasında 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Prezident Kitabxanasında 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Prezident Kitabxanasında 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Prezident Kitabxanasında 5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Virtual sərgidə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması, davamlı inkişaf və ekoloji maarifləndirmə mövzularına dair kitablar, məqalələr və digər informasiya resursları təqdim olunur.

Ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, biomüxtəlifliyin saxlanılması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması beynəlxalq gündəliyin əsas istiqamətləri sırasında yer alır. Bu məqsədlə 1972-ci ildə İsveçin Stokholm şəhərində Birləşmiş Millətlər Təşkilatının insan ətraf mühitinə həsr olunmuş ilk beynəlxalq konfransı keçirilmiş, həmin konfransın qərarına əsasən 5 iyun tarixi “Ümumdünya Ətraf Mühit Günü” elan olunmuşdur. 1973-cü ildən etibarən qeyd edilən bu gün ekoloji problemlərə diqqətin artırılması, məlumatlılığın genişləndirilməsi və təbiətə məsuliyyətli münasibətin təşviqinə xidmət edir.

Prezident Kitabxanasının hazırladığı virtual sərgi geniş oxucu auditoriyası üçün ətraf mühit problemləri, onların səbəbləri və həlli yolları barədə məlumat əldə etmək, elmi və maarifləndirici resurslarla tanış olmaq baxımından faydalı informasiya mənbəyidir. Sərgi istifadəçilərin ekoloji mövzular üzrə resurslara çıxış imkanlarını genişləndirməklə yanaşı, ekoloji dəyərlərin təbliğinə və təbiətə həssas münasibətin təşviqinə də töhfə verir. Prezident Kitabxanası fondları, elektron resursları və virtual layihələri vasitəsilə ictimai əhəmiyyətli mövzular üzrə məlumatların əlçatanlığının təmin edilməsinə və maarifləndirici fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Məhz bu kontekstdə iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışların artdığı müasir dövrdə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı bu baxımdan mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkmişdir. 2024-cü il 11–22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçirilmiş konfransda 76 min iştirakçı qeydiyyatdan keçmiş, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və iqlim maliyyələşdirilməsi ilə bağlı 52 məsələ üzrə qərar qəbul olunmuşdur. Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür ifadə edən qərarın yekdilliklə qəbul edilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında artan rolunu bir daha nümayiş etdirmişdir. COP29-un nəticələrinin və Azərbaycanın bu mötəbər tədbirdəki rolunun sistemli şəkildə təqdim edilməsi məqsədilə Prezident Kitabxanası tərəfindən “COP29 Azərbaycan” layihəsi hazırlanmışdır. Layihə ilə tanış olmaq üçün https://cop29.preslib.az/ keçidinə daxil olmaq mümkündür.

Virtual sərgi
5 iyun - Ümumdünya Ətraf Mühit Günü

5 iyun - Ümumdünya Ətraf Mühit Günü

Ətraf mühitin mühafizəsi bəşəriyyətin qarşısında duran ən mühüm qlobal məsələlərdən biridir. Təbii sərvətlərdən səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması və insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun…

Elektron layihə
СOP29 Azərbaycan

СOP29 Azərbaycan

2023-cü il dekabrın 11–də COP28-in Dubayda keçirilmiş plenar iclasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabr 2024-cü il tarixində Azərbaycanda,…