1995-ci il noyabrın 12-də ümumxalq referendumu nəticəsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd Azərbaycanın müstəqil dövlət kimi siyasi, hüquqi və ideoloji əsaslarını müəyyən etmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başlıca prinsiplərini təsbit etmişdir. Konstitusiyanın qəbulu insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, hakimiyyətin bölünməsi və hüququn aliliyinin bərqərar olması baxımından ölkəmizin demokratik inkişafına mühüm təkan vermişdir.
Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanası “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi hazırlayıb. Sərgidə Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti, tarixi formalaşma mərhələləri, hüquqi əsasları və tətbiq mexanizmlərini əhatə edən elmi, tədris və analitik nəşrlər yer alır.
Virtual sərgidə nümayiş etdirilən ədəbiyyat müstəqil dövlətçiliyimizin konstitusiya inkişafının müxtəlif istiqamətlərini — dövlət hakimiyyəti orqanlarının hüquqi statusunu, qanunvericilik sisteminin təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının müdafiəsini, konstitusiya ədalət mühakiməsinin formalaşmasını və hüquqi dövlət konsepsiyasının inkişafını geniş şəkildə işıqlandırır. Həmçinin burada beynəlxalq hüquqi aktların milli qanunvericiliyə təsiri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və Azərbaycan hüququnun müasir elmi əsaslarına dair tədqiqatlar da təqdim olunur.
Prezident Kitabxanasının hazırladığı bu virtual sərgi oxuculara müstəqil Azərbaycanın əsas qanununun mahiyyətini və dəyərlər sistemini daha dərindən öyrənmək, ölkəmizin konstitusiya inkişaf yolunu izləmək və hüquqi maarifləndirmənin, eləcə də hüquq mədəniyyətinin inkişafına töhfə verən zəngin ədəbiyyatla tanış olmaq imkanı yaradır.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa…