Azərbaycan xalqının azadlıq mübarizəsinin mühüm mərhələsi olan 17 Noyabr – Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyə aparan yolunda tarixi dönüş nöqtəsi kimi yadda qalıb. XX əsrin sonlarında Sovet imperiyasının siyasi-ideoloji dayaqlarının sarsılması, Dağlıq Qarabağda erməni separatizminin haqsız ərazi iddialarının güclənməsi, Topxanada törədilən vandalizm aktı və Bakıda Azadlıq meydanında başlanan kütləvi mitinqlər Azərbaycan xalqının istiqlal iradəsini daha da möhkəmləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən tarixi sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi bərpa olunması milli dirçəliş prosesinin mühüm siyasi-hüquqi əsası kimi qiymətləndirilir.
Ümummilli lider Heydər Əliyevin sovet dövründən etibarən milli-mənəvi dəyərlərin qorunması, elmin və mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi siyasət, respublikada formalaşdırdığı mənəvi-psixoloji və iqtisadi baza müstəqillik illərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində həlledici rol oynadı. Onun “Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” fikri milli azadlıq kursunun strateji mahiyyətini ifadə edərək xalqın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə milli dirçəlişdən milli tərəqqiyə aparan yolun məntiqi yekunu oldu.
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Prezident Kitabxanası tərəfindən hazırlanmış “17 Noyabr – Milli Dirçəliş Günü” adlı virtual kitab sərgisi bu tarixi proseslərin elmi-nəzəri müstəvidə hərtərəfli öyrənilməsinə xidmət edir. Virtual sərgidə təqdim olunan nəşrlər Azərbaycan xalqının azadlıq mübarizəsinin ideya mənbələrini, milli dirçəlişin müxtəlif mərhələlərini, Heydər Əliyev şəxsiyyətinin və siyasi irsinin dövlətçilik tarixində oynadığı rolu, azərbaycançılıq ideologiyasının formalaşmasını və müasir müstəqil Azərbaycan dövlətinin inkişaf yolunu müxtəlif aspektlərdən araşdırır.
Ekspozisiyada Azərbaycan tarixinin müxtəlif dövrlərini, dövlətçilik ənənələrinin təşəkkülünü və inkişafını, milli özünüdərk və azadlıq hərəkatının ideya-siyasi köklərini, müasir dövlət idarəçiliyinin nəzəri və praktiki əsaslarını, eləcə də Qarabağ Zəfərinin tarixi-siyasi mahiyyətini təhlil edən elmi və analitik əsərlər yer alır. Sərgidə toplanan ədəbiyyat oxuculara Milli Dirçəliş Gününün tarixi məzmununu, Azərbaycanın müstəqillik tarixinin mürəkkəb, lakin şərəfli yolunu ardıcıl və sistemli şəkildə izləmək imkanı yaradır.
Prezident Kitabxanasının təqdim etdiyi bu virtual sərgi tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün milli azadlıq hərəkatının, Heydər Əliyev irsinin və müasir Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarını öyrənmək baxımından əhəmiyyətli elektron mənbə rolunu oynayır.
Virtual sərgidə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş kitablar təqdim olunur. Sərgidə 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi xalq etirazlarını və milli azadlıq hərəkatını əks…