AXC hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərarı
Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi. Əlbəttə, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi. Belə ki, həmin qərara əsasən ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi. Həmin qərarı ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd hesab etmək olar.
Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi. Qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti öz dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, bunun davamı kimi 28 avqust 1918-ci Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir.
AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşri məqsədi ilə Maarif Nazirliyində xüsusi komissiya təşkil etmişdir. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Azərbaycan parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayırmışdır.
Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi.
1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı.
1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi.
Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada qısamüddətli pedaqoji kurslar açmışdı.
1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.
Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaiti və dərsliklər alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat vəsait ayrıldı.
Parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – Almaniya, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı.
Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin 23 ay öz mövcudluğunu qoruyub saxlaya bilməsinə baxmayaraq, bunun müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Azərbaycan (türk) dili ilə bağlı başladılan dil siyasəti cümhuriyyət süqut etdikdən sonra da davam etdi.
Tövsiyə edilən ədəbiyyat:
- Məmmədov, Aqşin. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti / A. Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Bakı: Strateji Araşdırmalar Mərkəzi, 2018.- 88 s.
- 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar: ensiklopedik soraq kitabı / tərt.-müəl. M. C. Mərdanov, Ə. Tahirzadə, elmi red. Y. Mahmudov. I cild: A.- Bakı: Təhsil, 2018.- 480 s.
- Nəzərli, Əzizə Ənvər qızı. Azərbaycan Cümhuriyyətində xalq təhsili: 1918-1920-ci illər: monoqrafiya / Ə. Ə. Nəzərli; tərc.: K. İsmayılov, Ə. Nəzərli; tərc. red. A. S. Rüstəmova; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Xəzər Universiteti nəşriyyatı, 2018.- 240 s.
- İbrahimov, Elçin. Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri / E. İbrahimov; elmi red. K. Abdullayev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: XAN nəşriyyatı, 2018.- 208 s.