Azərbaycan coğrafiyaşünası, maarif xadimi, pedaqoq və tərcüməçi Qafur Mirzəzadə (Qafur Rəşad)
Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) Azərbaycan maarifçilik tarixində çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalılardan biridir. O, pedaqoq, publisist, naşir-mühərrir, tərcüməçi və coğrafiyaşünas kimi XX əsrin əvvəllərində milli təhsil sisteminin formalaşmasında, dərslik bazasının yaradılmasında və uşaq ədəbiyyatının inkişafında mühüm rol oynamışdır.
1884-cü il mayın 6-da Şamaxıda kasıb və savadsız boyaqçı Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad ilk təhsilini mollaxanada almış, 1894-cü ildə şəhər altıillik məktəbinə daxil olmuşdur. Ailənin maddi vəziyyətinin ağırlaşması onun təhsilini yarımçıq qoymaq təhlükəsi yaratmış, lakin məktəb rəhbərliyi onun yüksək nailiyyətlərini nəzərə alaraq təhsil haqqını dövlət hesabına ödəmək qərarına gəlmişdir. 1901-ci ildə həmin məktəbi bitirən Qafur maddi imkanlarının məhdudluğu səbəbindən müəllimlik fəaliyyətinə başlamış, lakin sonradan təhsilini davam etdirərək 1920–1922-ci illərdə ikiillik Ali Pedaqoji İnstitutda oxumuş, 1923-cü ildə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir.
Onun pedaqoji fəaliyyəti 1902-ci ildə, hələ 18 yaşı tamam olmadan Şamaxı qəzasının Lahıc kəndində müəllim təyin olunması ilə başlanmışdır. İlk illərdə məktəb üçün ayrıca binanın olmaması səbəbindən dərslər məhdud şəraitdə keçirilirdi. Lakin yerli əhalinin maarifə artan marağı nəticəsində yeni məktəb binası tikilmiş, tədris şəraiti xeyli yaxşılaşdırılmışdır. Qafur Rəşadın səyləri nəticəsində məktəbə cəlb olunan uşaqların sayı ildən-ilə artmış, hətta yaşlı əhali arasında da savadlanmağa maraq yaranmışdır. O, bu ehtiyacı nəzərə alaraq axşam kursları təşkil etmiş, maarifçiliyi cəmiyyətin müxtəlif təbəqələri arasında yaymağa çalışmışdır. Türk, fars və rus dillərində geniş mütaliə edən Qafur Rəşad 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” jurnalını müntəzəm izləyir və onu axşam kurslarının iştirakçılarına oxuyurdu.
1907-ci ildə “Nəşr-maarif” xeyriyyə cəmiyyətinin dəvəti ilə Bakıya gələn Qafur Rəşad müəllim hazırlığı kurslarında və müxtəlif məktəblərdə fəaliyyət göstərmişdir. 1916-cı ildə Bakı II realnı məktəbinə, iki il sonra isə Bakı I realnı məktəbinə ana dili müəllimi kimi dəvət olunmuşdur. Bu mühitdə o, Abdulla Şaiq, Hüseyn Cavid kimi dövrün görkəmli ziyalıları ilə birgə çalışaraq milli təhsilin inkişafında fəal iştirak etmişdir. 1919-cu ildə Bakı I realnı məktəbində mövcud olan yeganə milli sinifdə coğrafiya müəllimi kimi fəaliyyət göstərməsi onun milli təhsil sahəsində apardığı ardıcıl işin bariz göstəricisidir.
Qafur Rəşad Azərbaycan məktəblərinin dərsliklə təmin olunması sahəsində sistemli fəaliyyət göstərmiş, xüsusilə də milli coğrafiya tədrisinin əsasını qoyan ilk sistemli coğrafiya dərsliklərinin yaradıcısı kimi tanınmışdır. Onun bu sahədəki fəaliyyəti Azərbaycan məktəblərində coğrafiyanın müstəqil və elmi əsaslarla tədrisinin formalaşmasına mühüm təsir göstərmişdir. 1909–1943-cü illər ərzində “Qafqaz coğrafiyası” (1910), “İbtidai coğrafiya” (1922), “Ümumi coğrafiya” (1923), “Coğrafiya terminləri lüğəti” (1923), “SSRİ-nin iqtisadi coğrafiyası” (1941), “Xəritə üzərində əməli iş” (1943) və digər əsərlərlə birlikdə ümumilikdə 18 dərslik və vəsait hazırlayıb nəşr etdirmişdir. Bununla yanaşı, Məmmədsadıq Axundovla birgə hazırladığı “Rəhbəri-sərf” və Əbdürrəhman Əfəndizadə ilə birlikdə yazdığı “Rəhbəri-hesab” dərslikləri uzun illər məktəblərdə istifadə olunmuşdur. Bu vəsaitlər dilin sadəliyi və ifadə dəqiqliyi ilə seçilərək əvvəlki dərsliklərdən keyfiyyətcə fərqlənmişdir.
Qafur Rəşadın fəaliyyəti uşaq mətbuatı və ədəbiyyatı sahəsində də mühüm iz buraxmışdır. O, Əbdürrəhman Əfəndizadə ilə birlikdə 1911-1920-ci illərdə nəşr olunan, Azərbaycanda sayca ikinci uşaq jurnalı olan “Məktəb” jurnalının və eyni adlı mətbəənin təsisçisi olmuşdur. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da işıq üzü görmüşdür. “Məktəb” jurnalı yalnız uşaq nəşri olmaqla kifayətlənməmiş, həm də milli şüurun formalaşmasına xidmət edən mühüm ideoloji platforma rolunu oynamışdır. Burada Nəriman Nərimanov, Abdulla Şaiq, Hüseyn Cavid, Abbas Səhhət, Sultan Məcid Qənizadə kimi ziyalıların iştirakı ilə orijinal əsərlər, tərcümələr və elmi-kütləvi materiallar dərc olunmuş, nəticədə zəngin uşaq ədəbiyyatı mühiti formalaşmışdır. Jurnal həm yeni yazıçı nəslinin yetişməsində, həm də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynamışdır.
Qafur Rəşad publisist və naşir kimi də fəal olmuşdur. O, dövri mətbuatda sosial problemlərə dair məqalələrlə çıxış etmiş, 1908-ci ildə nəşr etdirdiyi “Ayineyi-millət” əsərində milli oyanış və ictimai fəallıq ideyalarını irəli sürmüşdür. Onun naşirlik fəaliyyəti çərçivəsində Mirzə Abbas Abbaszadə ilə əməkdaşlıq etmiş, qadınların maariflənməsi istiqamətində görülən işlərə dəstək vermiş, “Arvad ağısı” kitabının nəşrində iştirak etmişdir. Tərcümə sahəsində isə Lev Tolstoyun və P. N. Polevoyun əsərlərini Azərbaycan dilinə tərcümə və təbdil edərək oxuculara təqdim etmişdir.
Qafur Rəşadın elmi dünyagörüşü geniş həyat müşahidələri ilə zənginləşmişdir. O, uzun illər ərzində Azərbaycanın müxtəlif bölgələrinə, Orta Asiyaya, Sibirə, Gürcüstana, Ukrayna və Belarusa səyahətlər etmişdir. Bu təcrübə onun coğrafiya əsərlərində hadisə və prosesləri dinamik inkişaf kontekstində təqdim etməsinə imkan vermişdir. O, “Azərbaycan coğrafiyası” əsərində coğrafi məlumatların yalnız statistik deyil, inkişaf prosesləri ilə birlikdə izah olunmasının vacibliyini xüsusi vurğulamışdır.
Ömrünün son illərində müəllimlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəb İnstitutunda elmi işçi kimi çalışmışdır.
Qafur Ələkbər oğlu Mirzəzadə 27 noyabr 1943-cü ildə vəfat etmişdir. Onun çoxşaxəli fəaliyyəti və zəngin irsi bu gün də Azərbaycan təhsil və mədəniyyət tarixində öz aktuallığını qorumaqda, milli pedaqoji fikrin inkişafında mühüm əhəmiyyət kəsb etməkdədir.
Tövsiyə edilən ədəbiyyat:
- Namazova, Sevinc Təhməz qızı. Pedaqoji irsimizdən : Qafur Rəşad Mirzəzadə: [monoqrafiya] /S. T. Namazova ; elmi red. F. A. Rüstəmov. - Bakı: Elm və təhsil, 2014. - 195 s.
- Yüzbaşov, Rəmzi Mövsüm oğlu. Məşhur coğrafiyaşünas Qafur Rəşad Mirzəzadə /R. M. Yüzbaşov ; elmi red. Q. K. Gül ; red. M. Əbdürrəhimova ; rəss. A. Rüstəmov. - Bakı: s.n., 1968. - 31 s.