1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Virtual sərgi

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti dilimizin qorunmasını, inkişafını və cəmiyyətin bütün sahələrində işlədilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, bu dilin norma və qaydalarının qorunması və təbliği istiqamətində mühüm dövlət proqramları həyata keçirilmişdir. Eyni zamanda, dünya azərbaycanlılarının da öz ana dillərində danışması, yazması və düşünməsi üçün əlverişli şərait yaradılır, milli-mədəni özünüifadə imkanları genişləndirilir. Dövlət dili — sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin və müstəqilliyin simvoludur. Dilə göstərilən qayğı — xalqın gələcəyinə göstərilən qayğıdır.