


















































Hər il 5 oktyabr tarixində qeyd olunan Beynəlxalq Müəllimlər Günü müəllimlərin cəmiyyətin inkişafında, gələcək nəsillərin formalaşmasında və təhsilin tərəqqisində mühüm rolunu diqqətə çatdırmaq məqsədi daşıyır. Bu əlamətdar gün 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə keçirdiyi xüsusi hökumətlərarası konfransda qəbul edilmiş “Müəllimlərin statusu haqqında” Tövsiyələrin ildönümü ilə əlaqədardır. Beynəlxalq Müəllimlər Günü müəllim əməyinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, onların əmək və sosial hüquqlarının qorunması məsələlərinə də diqqət yönəldir. Müəllim yalnız bilik ötürən deyil, həm də gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayan şəxsdir. Azərbaycanın tarixində və ictimai-mədəni həyatında müəllimlik peşəsi xüsusi əhəmiyyətə malik olmuşdur. Milli maarifçilik hərəkatının nümayəndələri, görkəmli pedaqoqlar, ziyalılar və elm xadimləri təhsilin inkişafına, savadlı və dünyagörüşlü nəslin yetişdirilməsinə böyük töhfələr vermişlər. Müasir dövrdə də müəllimlər ölkənin təhsil sisteminin inkişafında, gənc nəslin bilik və bacarıqlarının formalaşdırılmasında mühüm missiyanı həyata keçirirlər. Prezident Kitabxanasının hazırladığı virtual sərgi Beynəlxalq Müəllimlər Gününün tarixi, müəllimlik peşəsinin cəmiyyətdə rolu, görkəmli Azərbaycan pedaqoqları və maarifçilərinin fəaliyyəti, təhsilin inkişaf mərhələləri, eləcə də müəllim əməyinə həsr olunmuş nəşrləri əhatə edir.