9 May - Qələbə Günü

Virtual sərgi

Böyük Vətən müharibəsi dövründə SSRİ tərkibinə daxil bütün xalqlar ilə birlikdə Azərbaycan xalqı da hitlerçi işğalçılara qarşı qəhrəmancasına mübarizə aparıb. 1941-1945-ci illərdə təqribən 700 min həmvətənimiz ön cəbhəyə yola düşmüş və amansız düşmənlə mübarizədə onların yarısı qəhrəmanlıqla həlak olmuşdur. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmişlər. Azərbaycandan cəbhəyə getmiş, döyüşlərdə qəhrəmanlıq göstərmiş 130 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qazanılmış qələbədə əsas amillərdən biri də Bakı neftidir. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Xalqımız alman faşizmi üzərində qələbənin əldə edilməsi naminə həlak olmuş həmvətənlərimizin xatirəsini əziz tutaraq daima yad edir.