Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinə, tarixinə və mədəni irsinə həsr olunmuş kitab sərgisi təşkil edilib.
Sərgidə Zəngilan rayonunun tarixi, mədəniyyəti, işğal dövrü və azadlıqdan sonra aparılan bərpa işlərinə dair nəşrlər nümayiş olunur. Burada həmçinin Vətən müharibəsində qazanılan qələbə və Zəngilanın azad olunması barədə kitablar oxucuların diqqətinə çatdırılır.
Xatırladaq ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl istiqamətində 30-dan çox yaşayış məntəqəsi azad edilmiş, bu isə Zəngilan rayonunun inzibati hüdudlarına çıxışı təmin etmişdi. 2020-ci il oktyabrın 20-də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndləri və Zəngilan şəhərinin işğaldan azad edilməsi ilə rayonun azadlıq salnaməsində yeni səhifə açıldı.
Bu gün Zəngilan azad edilmiş ərazilərin bərpası prosesində həm strateji, həm də simvolik əhəmiyyətə malikdir. Rayonda paralel şəkildə aparılan minatəmizləmə və yenidənqurma işləri sayəsində infrastruktur sürətlə bərpa edilir, “Böyük Qayıdış”ın ilk ünvanı kimi Ağalı kəndinə sakinlərin köçürülməsi başa çatdırılır. Eyni zamanda, geniş günəş enerjisi potensialına malik Zəngilan Qarabağın “yaşıl enerji” zonasına çevrilməsində mühüm rol oynayır.
2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilən Zəngilan Beynəlxalq Hava Limanı isə rayonun Zəngəzur və Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin etməklə regionun aparıcı logistika mərkəzinə çevrilməsinə xidmət edir.
Prezident Kitabxanasının sərgisi hər kəsə Zəngilanın tarixi və mədəni irsini dərindən tanımaq, işğal dövrünü öyrənmək və azad olunma tarixini əks etdirən nəşrlərlə tanış olmaq imkanı verir.