Xəbərlər

Professor Rauf Cəfərov yeni nəşr edilən kitablarını Prezident Kitabxanasına hədiyyə etmişdir

Professor Rauf Cəfərov yeni nəşr edilən kitablarını Prezident Kitabxanasına hədiyyə etmişdir

Professor Rauf Cəfərov yeni nəşr edilən kitablarını Prezident Kitabxanasına hədiyyə etmişdir

Prezident Kitabxanasında görkəmli alimlərlə görüş ənənəsi davam etdirilir.

Kvant mexanikası sahəsində görkəmli alim, fizika riyaziyyat elmləri doktoru, professor Rauf Cəfərov Prezident Kitabxanasının qonağı olmuş, görülən işlərlə tanış olmuş və yeni çap edilmiş kitablarını Kitabxana fonduna hədiyyə etmişdir.

Rauf Cəfərov Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru olmaqla yanaşı, Universitetin Fizika Problemləri İnstitutunda tədqiqatlarını davam etdirir. Professor Rauf Cəfərov ABŞ, Braziliya, Yaponiya, Çin, Rusiya, Gürcüstan, İran kimi ölkələrin elm mərkəzləri ilə geniş əlaqələrə malikdir. O, xaricdə nəşr edilən bir neçə jurnalın redaksiya heyətinin üzvüdür. R.Cəfərov iki monoqrafiya, iki dərsliyin, 70-dən artıq elmi məqalənin müəllifidir.

Professorun Prezident Kitabxanasına təqdim etdiyi kitablardan biri “Kvant mexanikası” (Bakı, 2025) adlanır. Kitabda Kvant mexanikasının yaranmasının fiziki şəraiti və nəzəriyyənin postulatları şərh edilir, Kvant mexanikasının fundamental məsələləri tədqiq olunur. Oxuculara təqdim olunan bu dərs vəsaiti fizika və riyaziyyat fakültələrinin bakalavr və magistratura pilləsi tələbələrinin, həm də doktorantların istifadəsi üçün yazılmışdır.

Alimin “Kvant mexanikası” adlanan kitabı ingilis dilinə də tərcümə olunmuşdur. “Quantum mechanics” (Bakı, 2025) adlanan həmin kitabı müəllif Kitabxanaya hədiyyə etmişdir.

R. Cəfərovun Kitabxanamıza hədiyyə etdiyi digər kitabı “Интегральные уравнения в квантовой теории поля и проблема связанных состояний” (Moskva, 2025) adlanır. Monoqrafiya kvant sahə nəzəriyyəsində çoxzərrəcikli tənliklər nəzəriyyəsinə həsr olunaraq onun xronoloji inkişafını və elementar zərrəciklər nəzəriyyəsində tətbiqini özündə əks etdirir. Müəllifin bu kitabı yüksək enerji fizikasında, ilk növbədə nəzəri sahədə çalışan fiziklər (müəllimlər, doktorantlar və magistrantlar daxil olmaqla) üçün nəzərdə tutulub.

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Akademiyasının Elmi-Metodik Komissiyasının qərarı və professor Rauf Cəfərovun dəstəyi ilə reallaşan “IPM: Təbiətdə fövqaladə hadisələr və onların elmi təsviri” müştərək işçi seminarına təqdim edilən məruzələrin və xülasələrin kitab halında nəşrini professor Prezident Kitabxanasına hədiyyə etmişdir.

Görkəmli alim həmçinin yuxarıda adları sadalanan kitablarının elektron versiyalarını da Kitabxanaya təqdim etmişdir.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor Rauf Cəfərova öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdiyi üçün minnətdarlıq etmiş, ona elmi işlərində uğurlar arzulamışdır.