Xəbərlər

Professor Süleyman Məmmədovun şəxsi kitabxanası Prezident Kitabxanasına hədiyyə edildi

Professor Süleyman Məmmədovun şəxsi kitabxanası Prezident Kitabxanasına hədiyyə edildi

Professor Süleyman Məmmədovun şəxsi kitabxanası Prezident Kitabxanasına hədiyyə edildi

3 dekabr 2025-ci il tarixində görkəmli tarixçi-alim, Əməkdar elm xadimi, professor Süleyman Məmmədovun şəxsi kitabxanasının Prezident Kitabxanasına hədiyyə olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbiri Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq alimin ailəsinə Süleyman Məmmədovun şəxsi kitabxanasını Prezident Kitabxanasına hədiyyə etdiklərinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu addım həm alimin elmi irsinin qorunmasına xidmət edir, həm də elmi ictimaiyyət üçün əhəmiyyətli hadisədir. Professor Afət Abbasova vurğulayıb ki, kolleksiya yaxın zamanda mərhələli şəkildə rəqəmsallaşdırılaraq tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsinə veriləcək və bu, gələcək araşdırmalar üçün mühüm elmi baza yaradacaq.

Tədbirdə AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxış edərək professor Süleyman Məmmədovun həyatı və elmi irsi haqqında geniş məlumat verib.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, dosent Cəbi Bəhramov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri Hacı Həsənov, dosent Fəxrəddin Əliyev çıxış edərək professor Süleyman Məmmədovun elmi-pedaqoji fəaliyyətinin istiqamətləri və şəxsi keyfiyyətləri barədə xatirələrini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, professor Süleyman Məmmədov Azərbaycan tarixşünaslığının görkəmli simalarından biridir. O, gənc yaşlarından İrəvandakı Matenadaranın əlyazmalar fondunda, həmçinin Rusiyanın və Gürcüstanın müxtəlif arxivlərində apardığı tədqiqatlarla Azərbaycan tarixinin indiyədək az araşdırılmış bir çox məsələlərinə yeni elmi yanaşmalar gətirib. Uzun illər AMEA-nın Tarix İnstitutunda, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən alim sanballı monoqrafiyaların, dərsliklərin və elmi əsərlərin müəllifi olub. Onun elmi fəaliyyətinin mühüm nəticələrindən biri 2010-cu ildə AMEA-nın Tarix İnstitutu tərəfindən nəşr olunmuş “İrəvan xanlığı” monoqrafiyasıdır. Bu əsərin müəlliflərindən biri kimi Süleyman Məmmədov Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Tədbirdə bildirilib ki, alimin vəfatından sonra ailə üzvləri onun şəxsi kitabxanasını elmi irsin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə Prezident Kitabxanasının fonduna bağışlamağı qərara alıblar. Bağışlanan fond ərəb, fars, ingilis, rus, erməni, gürcü və türk dillərində çap olunmuş, ümumilikdə 800-ə yaxın nadir və elmi əhəmiyyətli nəşri əhatə edir.

Tədbirin sonunda professor Süleyman Məmmədovun qızı, Könül Məmmədova çıxış edərək ailəsi adından Prezident Kitabxanasının rəhbərliyinə atasının elmi irsinə göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib.