Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunmuş yeni virtual kolleksiya yaradılıb. Kolleksiya Xalq şairinin ədəbi yaradıcılığını və çoxşaxəli ictimai fəaliyyətini sistemli şəkildə təqdim etmək, yaradıcılıq irsinin əsas istiqamətlərini geniş oxucu auditoriyası üçün əlçatan formada toplamaq və istifadəyə təqdim etmək məqsədilə hazırlanıb.
Müasir Azərbaycan ədəbi-ictimai fikrində özünəməxsus yeri olan Sabir Rüstəmxanlı son yarım əsrdə milli düşüncənin formalaşması, istiqlal ruhlu poeziyanın inkişafı və vətəndaş publisistikasının təşəkkülü prosesində seçilən yaradıcı simalardan biri kimi tanınır. O, ədəbi mühitdə yalnız şair kimi deyil, həm də ədəbiyyatşünas alim, publisist və ictimai xadim olaraq çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir. Yaradıcılığında milli kimlik, tarixi yaddaş, azadlıq düşüncəsi, bölünmüş Vətən ağrısı və mənəvi məsuliyyət hissi aparıcı mövzulardan biri kimi yer tutur.
Virtual kolleksiyada müəllifin müxtəlif illərdə nəşr olunmuş publisistik əsərləri, haqqında qələmə alınmış məqalələr, ictimai-siyasi fəaliyyətini əks etdirən kitablar, eləcə də həyat və yaradıcılıq yolunun əsas mərhələlərini işıqlandıran materiallar sistemləşdirilərək təqdim olunur. Kolleksiyada Sabir Rüstəmxanlının ədəbi-fəlsəfi baxışlarını, poetik düşüncə istiqamətlərini və Azərbaycan ictimai fikir tarixində tutduğu mövqeyi izləməyə imkan verən mənbələrə geniş yer ayrılıb.
Yeni virtual kolleksiya tədqiqatçılar, filoloqlar, müəllimlər, tələbələr, kitabxana istifadəçiləri və ədəbiyyatsevərlər üçün Sabir Rüstəmxanlının yaradıcılığına dair dolğun məlumat əldə etməklə yanaşı, müasir Azərbaycan ədəbiyyatında milli düşüncə, istiqlal ideyası və tarixi yaddaş mövzularının inkişaf xəttini izləmək baxımından əhəmiyyətli informasiya resursudur.
Bu kolleksiya müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal ruhlu poeziyanın aparıcı simalarından biri olan Sabir Rüstəmxanlının zəngin ədəbi irsinə həsr olunmuşdur. Şairin yaradıcılığı milli kimlik, azadlıq ideyası, Vətən sevgisi və…