Prezident Kitabxanasının fondları Qərbi Azərbaycan mətbuatının önəmli nümunələrindən biri olan “Vedibasar” qəzetinin 22 cilddən ibarət tam külliyyatı və onların elektron versiyası ilə zənginləşdirilib. Qəzetin hər bir cildi illər üzrə sistemləşdirilərək çap olunmuş və eyni zamanda PDF formatında “Elektron kitablar” bölməsinə yerləşdirilmişdir.
İlk dəfə 2003-cü il fevralın 27-də nəşr olunmağa başlayan “Vedibasar” qəzeti Azərbaycan mətbuatında Qərbi Azərbaycanın ictimai-siyasi və mədəni həyatına həsr olunmuş müntəzəm və davamlı nəşrlərdən biridir. Qəzet uzunmüddətli fəaliyyətində bölgənin tarixi, milli-mədəni irsi, adət-ənənələri və folkloru ilə bağlı aktual mövzuları daim işıqlandıraraq geniş oxucu auditoriyası üçün dəyərli informasiya mənbəyinə çevrilmişdir.
“Vedibasar”ın səhifələrində Qərbi Azərbaycanda baş vermiş faciələr – soyqırımları, deportasiyalar və qaçqınlıq kimi hadisələr sistemli şəkildə işıqlandırılır. Qəzet Qərbi Azərbaycana qayıdış konsepsiyasını dəstəkləyən ideoloji mövqeyi ilə seçilir. Bu baxımdan “Vedibasar” Qərbi Azərbaycanın mətbuat ənənələrini yaşadan, “Lək-lək” (“Leylək”), “Bürhani-həqiqət”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq” və “Sovet Ermənistanı” kimi tarixə düşmüş qəzetlərin irsini davam etdirən nəşr kimi dəyərləndirilir.
Külliyyatda tanınmış alim və ictimai xadimlər — Yusif Yusufov, İsrafil Məmmədov, Sabir Əsədov, Süleyman Məmmədov, Teymur Əhmədov, Nazim Mustafa, Əziz Ələkbərli və digər görkəmli şəxslərin məqalələri yer alıb. Şair və yazıçılardan isə Fərman Kərimzadə, Hidayət, Eldar İsmayıl, Telli Pənahqızı, Nəsibə İsrafilqızı, Rafiq Musa, Əhməd Vedili, Əbülfəz Ülvi, Məhərrəm Hüseynov və digər ədəbi xadimlərin yaradıcılıqları qəzetin səhifələrini zənginləşdirir.
Qəzetin baş redaktoru Sərtib İslamoğlunun fədakar zəhməti sayəsində “Vedibasar” qəzetinin bütün saylarının elektron versiyaları illər üzrə ayrı-ayrı cildlər şəklində çap edilərək Prezident Kitabxanasına hədiyyə edilib. Bu külliyyat milli mətbuat tarixinin və Qərbi Azərbaycan məsələlərinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır.
Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Elektron kitablar” yarımbölməsi vasitəsilə “Vedibasar” qəzetinin elektron versiyaları ilə tanış olmaq mümkündür.
“Vedibasar” müstəqil qəzetinin bütün sayları illər üzrə ayrı-ayrı cildlər şəklində çap edilmişdir. 22 cildlik toplunun elektron versiyasından ibarət kolleksiya yaradılmışdır. Toplunun əsas məqsədi Azərbaycan tarixinə, xüsusilə də Qərbi Azərbaycanımızın acı…