Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini sistemli şəkildə əks etdirən “İnkişaf – məqsədimizdir” çoxcildliyinin növbəti – 143-cü cildi nəşr olunaraq Prezident Kitabxanasının fonduna daxil olub. Bu cild 2025-ci ilin fevral-aprel ayları ərzində ölkə və beynəlxalq miqyasda baş verən mühüm siyasi hadisələri, dövlət başçısının çıxış və görüşlərini əhatə edir.
Yeni nəşrə Azərbaycan Prezidentinin ölkəmizə səfərə gəlmiş Pakistanın Baş naziri ilə görüşünə, Azərbaycan-Pakistan biznes-forumunda iştirakına, Qvineya-Bisau Respublikasının, Şimali Makedoniya Respublikasının, Almaniya Federativ Respublikasının prezidentləri ilə görüşlərinə, Türkiyə Respublikasına işgüzar səfərinə dair materiallar daxil edilib.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışının mətni də yer alıb.
Oxucular bu kitabda dövlətimizin başçısının Ağdam rayonuna, Xankəndi şəhərinə səfərlərinə, Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanışlığına, kəndə yeni köçmüş sakinlərlə görüşlərinə aid materiallar ilə də tanış ola bilərlər. Həmçinin bu nəşrə Azərbaycan Prezidentinin Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulmadan sonra açılışında, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılış mərasimində iştirakı, Ağdərə rayonunun Həsənriz kəndinə köçmüş bir qrup sakinlə görüşü, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı haqqında informasiyalar daxil edilib.
Bu kitabda Prezident İlham Əliyevin, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxışının, Forum zamanı “Euronews” televiziyasına müsahibəsinin mətnləri, habelə bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş yüksəksəviyyəli qonaqlarla görüşləri haqqında informasiyalar toplanıb.
“İnkişaf – məqsədimizdir” çoxcildliyinin 143-cü cildi Prezident İlham Əliyevin siyasi fəaliyyətini, dövlət idarəçiliyi fəlsəfəsini, diplomatik təşəbbüslərini və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa proseslərini xronoloji ardıcıllıqla və sənədlər əsasında oxuculara təqdim edir. Bu nəşr, Prezident Kitabxanasının fondunda tədqiqatçılar, tarixçilər və ictimaiyyət nümayəndələri üçün mühüm mənbə olmaqla yanaşı, müasir Azərbaycan tarixinin dəyərli salnaməsidir.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
143-cü kitab: fevral 2025 – aprel 2025.- Bakı: Azərnəşr, 2025.- 392 s.