26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Prezident Kitabxanasında virtual sərgi və videoçarx hazırlanaraq istifadəçilərin ixtiyarına verilib.
Virtual sərgidə Azərbaycan Ordusunun təşəkkülü və inkişaf tarixini əks etdirən nəşrlər təqdim olunur. Ekspozisiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılması, sovet hakimiyyəti illərində hərbi sahədə baş verən proseslər, müstəqillik illərində həyata keçirilmiş ordu quruculuğu siyasəti, hərbi-siyasi islahatlar, eləcə də ölkəmizin qədim və orta əsrlər hərb tarixinə dair əsərlər yer alıb. Bununla yanaşı, sərgidə görkəmli hərbi xadimlərin fəaliyyətinə, hərbi qanunvericilik və normativ-hüquqi sənədlərə, Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və döyüş yoluna həsr olunmuş nəşrlər də nümayiş etdirilir.
Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarxda Azərbaycan Ordusunun yaranma tarixi, keçdiyi inkişaf yolu, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətləri və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar barədə məlumat verilir. Videoçarxda Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrdə qazandığı yüksək döyüş qabiliyyəti, 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində nümayiş etdirdiyi peşəkarlıq, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi Zəfər xüsusi vurğulanır.
Hazırlanmış virtual sərgi və videoçarx geniş oxucu auditoriyası üçün Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunu, hərbi irsimizi və qəhrəmanlıq tariximizi öyrənmək baxımından mühüm informasiya mənbəyi kimi əhəmiyyət daşıyır. Bu resurslar Silahlı Qüvvələrimizin formalaşması, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda göstərilən fədakarlıqlar haqqında dolğun təsəvvür yaratmaqla yanaşı, tarixi yaddaşın qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Prezident Heydər Əliyevin 22 may…