Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Prezident Kitabxanasına “Vaşinqton sammiti: Zəfər yolunun diplomatiya zirvəsi” və “Heydər Əliyev. Təltiflər” adlı kitablar hədiyyə edilib.
“Vaşinqton sammiti: Zəfər yolunun diplomatiya zirvəsi” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 7–9-da Amerika Birləşmiş Ştatlarına həyata keçirdiyi işgüzar səfərin siyasi və diplomatik əhəmiyyəti işıqlandırılır. Nəşrdə səfər çərçivəsində keçirilmiş görüşlər, aparılmış danışıqlar və imzalanmış mühüm sənədlər, o cümlədən Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu, həmçinin ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycana qarşı tətbiq olunmuş 907-ci düzəlişin qüvvəsinin dayandırılması barədə sənədin imzalanmasının əhəmiyyəti təqdim edilir.
Kitabda Vaşinqton sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsinin paraflanması, ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların ləğvinə dair birgə müraciətin qəbul edilməsi, həmçinin ABŞ və Azərbaycan Prezidentləri ilə Ermənistanın Baş naziri arasında keçirilmiş görüşün nəticələri barədə də məlumat verilir. Birgə Bəyannamədə Azərbaycanın əsas ərazisindən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidi nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi də öz əksini tapır.
“Heydər Əliyev. Təltiflər” adlı kitabda isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiq görüldüyü orden, medal, fəxri ad və digər mükafatlar təqdim olunur. Nəşrdə təltiflər tarixi ardıcıllıqla verilir və onların hər biri müvafiq dövlət və ya təşkilat haqqında qısa məlumatla müşayiət edilir.
Prezident Kitabxanasının fonduna daxil edilən bu nəşrlər müasir Azərbaycan tarixinin, ölkənin diplomatik uğurlarının və dövlətçilik ənənələrinin öyrənilməsi baxımından geniş oxucu auditoriyası üçün dəyərli və etibarlı informasiya mənbəyi kimi xüsusi əhəmiyyət daşıyır.