Prezident Kitabxanasında 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Sərginin məqsədi uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı məsələlərinə diqqətin artırılmasıdır.
1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün 1950-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd olunur. Bayramın təsis olunması ideyası BMT-nin təşəbbüsü ilə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda irəli sürülmüş, tədbirdə uşaqların hüquqlarının təmin olunması, onların sağlam və təhlükəsiz şəraitdə böyüməsi ilə bağlı mühüm təşəbbüslər səsləndirilmişdir. Sonrakı dövrdə uşaqların hüquqlarının beynəlxalq müstəvidə müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, BMT tərəfindən 1959-cu ildə “Uşaq Hüquqları Bəyannaməsi”, 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası” qəbul edilmişdir.
Virtual sərgidə uşaqların hüquqları, psixoloji, sosial və mənəvi inkişafı, ailə münasibətlərində uşağın rolu, məktəbə hazırlıq, inklüziv təhsil, tərbiyə, uşaq davranışlarının öyrənilməsi və inkişaf xüsusiyyətlərinə dair müxtəlif istiqamətləri əhatə edən nəşrlər təqdim olunur. Bununla yanaşı, ekspozisiyada uşaqların dünyagörüşünün formalaşdırılmasına xidmət edən, elm, təbiət, coğrafiya, astronomiya, fizika, ekologiya və digər sahələr üzrə maarifləndirici məzmunu əhatə edən ensiklopedik nəşrlər də yer alıb.
Sərgidə nümayiş etdirilən nəşrlər geniş oxucu auditoriyası, xüsusilə valideynlər, müəllimlər, tələbələr, tədqiqatçılar və uşaqların inkişafı sahəsinə maraq göstərən şəxslər üçün mühüm məlumat və istinad mənbəyi kimi əhəmiyyət kəsb edir. Toplanmış ədəbiyyat uşaqların hüquqlarının müdafiəsi, onların intellektual, sosial və mənəvi inkişafının dəstəklənməsi istiqamətində biliklərin zənginləşdirilməsinə töhfə verir.
Virtual sərgi uşaqların cəmiyyət həyatındakı mühüm roluna diqqətin artırılması, onların hüquq və rifahının qorunmasının əhəmiyyətinin təşviqi, eləcə də istifadəçilərin mövzu üzrə sistemli və çoxşaxəli ədəbiyyatla tanışlığı baxımından əhəmiyyət daşıyır.
1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü Ilk dəfə 1950-ci ildən etibarən qeyd olunmağa başlanmışdır. Bu günün təsis olunması ideyası Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən "Qadınların Beynəlxalq Konfransı"nda irəli…