Prezident Kitabxanasına Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 43 adda nəşr hədiyyə edilib. Nəşrlər Milli Məclisin müxtəlif sessiyaları çərçivəsində keçirilmiş iclasların protokolları və stenoqramlarından ibarət olmaqla, 2024-2025-ci illərdə baş tutmuş plenar iclasların materiallarını əhatə edir.
Prezident Kitabxanasına hədiyyə olunan nəşrlər Azərbaycan Respublikasının qanunvericilik fəaliyyətinin, parlament işinin təşkili prinsiplərinin və dövlət idarəçiliyi proseslərinin öyrənilməsi baxımından əhəmiyyətli informasiya mənbələridir. İclas protokolları və stenoqramlarında qanun layihələrinin müzakirələri, qəbul edilmiş qərarlar, deputat çıxışları, habelə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və hüquqi inkişafı ilə bağlı məsələlər ardıcıl şəkildə əks olunub.
Milli Məclis tərəfindən təqdim edilən nəşrlər qanunyaratma prosesinin gedişinin, normativ-hüquqi qərarların formalaşma xüsusiyyətlərinin və parlament müzakirələrinin məzmununun izlənilməsi üçün mühüm faktoloji əsas yaradır. Bu baxımdan nəşrlər hüquqşünaslar, tarixçilər, politoloqlar, dövlət idarəçiliyi sahəsində çalışan mütəxəssislər, eləcə də qanunvericilik fəaliyyəti və parlamentarizm tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçılar üçün dəyərli istinad mənbəyi kimi əhəmiyyət kəsb edir.
Prezident Kitabxanasının fonduna daxil edilən yeni nəşrlər kitabxananın hüquq, dövlətçilik və parlamentarizm istiqamətində informasiya bazasını daha da zənginləşdirir. Eyni zamanda, bu nəşrlər istifadəçilərin Azərbaycan Respublikasının qanunvericilik fəaliyyəti və parlament təcrübəsinə dair ilkin mənbələrdən istifadəsinə, elmi və peşəkar araşdırmaların mənbə təminatının genişlənməsinə əlavə imkanlar yaradır.