Xəbərlər

Tədqiqatçı-alim Lətif Qasımov Prezident Kitabxanasına kitablar hədiyyə edib

Tədqiqatçı-alim Lətif Qasımov Prezident Kitabxanasına kitablar hədiyyə edib

Tədqiqatçı-alim Lətif Qasımov Prezident Kitabxanasına kitablar hədiyyə edib

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib. Aqrar elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Lətif Qasımov Prezident Kitabxanasının qonağı olub və müəllifi olduğu elmi nəşrlərdən ibarət 4 adda kitabın ümumilikdə 40 nüsxəsini kitabxanaya hədiyyə edib.

Lətif Qasımovun elmi fəaliyyəti əsasən torpaqşünaslıq sahəsini əhatə edir. O, Azərbaycanın rütubətli subtropik zonalarında torpaq münbitliyinin modelləşdirilməsi, torpaq örtüyünün tədqiqi və təsərrüfat yerlərinin idarə olunmasının elmi əsasları üzrə tədqiqatlar aparıb. Alim elmi və tədqiqat fəaliyyətini torpaqşünaslıq sahəsində davam etdirib, irimiqyaslı torpaq tədqiqatlarında və praktiki layihələrdə iştirak edib.

Kitabxanaya təqdim edilən nəşrlər arasında 2025-ci ildə çap olunmuş “Torpaq resurslarının idarə edilməsinin elmi əsasları və praktiki aspektləri: Lənkəran ovalığının timsalında” monoqrafiyası yer alır. Bundan əlavə, 2017-ci ildə nəşr edilmiş iki monoqrafiya – “Lənkəran ovalığının torpaq örtüyü strukturunun formalaşmasında təbii və antropogen amillərin rolu” və “Lənkəran ovalığının torpaq örtüyünün səciyyəvi xüsusiyyətləri” də hədiyyə olunub. Həmçinin, 2007-ci ildə çap edilmiş “Azərbaycanın rütubətli subtropiklərində subtropik meyvə bitkiləri altındakı torpaqların münbitlik modelləri” adlı nəşr də hədiyyə olunan kitablar arasındadır.

Bu elmi əsərlər Azərbaycanın aqrar elmi, torpaq ehtiyatları və ekoloji vəziyyətinin tədqiqi baxımından əhəmiyyətli mənbə olmaqla yanaşı, həm də yerli torpaq-landşaft tiplərinin öyrənilməsində dəyərli elmi-praktik material hesab olunur. Kitablar tədqiqatçılar və mütəxəssislər üçün dəyərli və faydalı mənbədir.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova dəyərli elmi töhfəyə görə Lətif Qasımova təşəkkür edib və ona işlərində, eləcə də gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.