Xəbərlər

Nadir ədəbiyyat fondunun virtual kolleksiyası yeni nəşrlərlə zənginləşib

Nadir ədəbiyyat fondunun virtual kolleksiyası yeni nəşrlərlə zənginləşib

Nadir ədəbiyyat fondunun virtual kolleksiyası yeni nəşrlərlə zənginləşib

Prezident Kitabxanasının Nadir ədəbiyyat fondunun virtual kolleksiyası müxtəlif dövrləri, dil ənənələrini, dünya ədəbiyyatı və elminin istiqamətlərini əks etdirən beş unikal nəşrlə zənginləşib.

Kolleksiyanı 1892-ci ildə Sankt-Peterburqda rus dilində nəşr olunmuş “N. V. Qoqolun fantastik povestləri” adlı bədii albom açır. Bu nəşr İlya Repin, Mixail Ziçi və digər tanınmış rəssamların illüstrasiyaları ilə bəzədilmiş, XIX əsrin sonu kitab qrafikasının görkəmli nümunəsidir. Kolleksiyaya həmçinin XIX əsrin ikinci yarısında Parisdə fransız dilində nəşr olunmuş Lui Salyenin “Le Théâtre en famille” (Ailə teatrı) adlı fransız toplusu daxil edilib. Bu nəşr öz dövrü üçün nadir pedaqoji layihə olmaqla, Avropa cəmiyyətinin tərbiyə prinsiplərini əks etdirir. Xüsusi maraq doğuran nəşrlərdən biri Maks Albrextin 1896-cı ildə Hamburqda alman dilində nəşr olunmuş “Russisch Centralasien. Reisebilder aus Transkaspien, Buchara und Turkestan” (Mərkəzi Asiyanın Rusiya hissəsi. Transxəzər bölgəsi, Buxara və Türküstana səyahət qeydləri) adlı əsəridir. Kitab etnoqrafik müşahidələr və nadir illüstrasiyalar vasitəsilə oxucunu XIX əsrin sonlarında Mərkəzi Asiyanın həyatı və mədəniyyəti ilə tanış edir. Kolleksiyaya Donald A. Makkenzinin 1913-cü ildə Londonda ingilis dilində nəşr olunmuş “Egyptian Myth and Legend” (Misir mifləri və əfsanələri) adlı fundamental tədqiqat əsəri də daxildir. Qədim Misirin mifologiyasına və dini təsəvvürlərinə həsr olunmuş bu əsər yüksək elmi dəyərə malikdir. Yeni nəşrlər toplusunu fransız yazıçısı Jül Vernin XIX əsrin sonlarında Fransada fransız dilində işıq üzü görmüş “Un hivernage dans les glaces” (Buzlar arasında qışlama) macəra romanı tamamlayır. Əsər qütb ekspedisiyaları mövzusunu və insanın sərt təbiət qarşısında dözümlülüyünü əks etdirir.

Təqdim olunmuş nəşrlər yüksək tarixi və mədəni əhəmiyyətə malikdir və dünya kitab irsinin zənginliyini nümayiş etdirir. Hər bir kitab üçün Azərbaycan, ingilis və rus dillərində annotasiyalar hazırlanıb ki, bu da kolleksiyanı geniş beynəlxalq auditoriya üçün əlçatan edir.

Layihə Prezident Kitabxanasının Nadir ədəbiyyat fondunu geniş oxucu auditoriyasına təqdim etməklə xüsusi dəyər qazanır və əvvəllər yalnız məhdud mütəxəssis dairəsinə məlum olan unikal nəşrlərin ən yaxşı nümunələri ilə tanış olmaq imkanı yaradır.