Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətini və ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini özündə əks etdirən “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin növbəti – 150-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub. Nəşrdə 2026-cı ilin yanvar-fevral aylarında ölkə daxilində və beynəlxalq müstəvidə baş vermiş mühüm ictimai-siyasi hadisələr, dövlət başçısının rəsmi səfərləri, keçirdiyi görüşlər və etdiyi çıxışlar xronoloji ardıcıllıqla təqdim edilir.
Çoxcildliyin bu cildində Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində İsveçrə Konfederasiyasına səfəri zamanı keçirdiyi yüksəksəviyyəli görüşlər, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilmiş panel iclasında iştirakı və “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasiminə dair materiallar təqdim olunur. Nəşrdə, həmçinin dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı “Euronews” televiziyasına verdiyi müsahibə də yer alıb.
Kitabda Prezident İlham Əliyevin “Zayid İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması və mükafatın təqdimetmə mərasimində iştirakı, həmçinin müxtəlif dövlət və hökumət rəhbərləri, din xadimləri tərəfindən ünvanlanmış təbrik məktubları təqdim edilir. Çoxcildliyin bu cildinə dövlət başçısının Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı, Qarabağ bölgəsinə səfəri zamanı Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşləri, eləcə də 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarətinə dair materiallar da daxil edilib.
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyi Azərbaycanın müasir siyasi tarixinin, dövlət idarəçiliyi təcrübəsinin və ölkənin daxili və xarici siyasətinin öyrənilməsi baxımından mühüm elmi nəşrlərdən biridir. Prezident Kitabxanasının fonduna daxil edilmiş 150-ci cild tədqiqatçılar, tarixçilər, politoloqlar, müəllimlər, tələbələr, dövlət qulluqçuları və Azərbaycanın müasir inkişaf mərhələsi ilə maraqlanan geniş oxucu auditoriyası üçün dəyərli nəşr olmaqla, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin xronoloji ardıcıllıqla öyrənilməsi və tədqiqi, eləcə də müasir Azərbaycan tarixinə dair araşdırmaların etibarlı sənədlər əsasında aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
150-ci kitab: yanvar 2026 - fevral 2026 - Bakı: Azərnəşr, 2026.- 392 s.