Prezident Kitabxanasına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 34 adda, ümumilikdə 240 nüsxə kitab hədiyyə edilib.
Kitablar multikulturalizm, dini və etnik müxtəliflik, Qafqaz Albaniyasının tarixi-mədəni irsi, islamofobiya, Azərbaycan albanşünaslığı, Qarabağın tarixi və mədəni mühiti, eləcə də ölkənin ədəbi-elmi fikir ənənələrinə dair mövzuları əhatə edir. Müxtəlif dillərdə nəşr olunmuş kitablar tarix, mədəniyyət, dinlərarası münasibətlər və multikultural dəyərlərlə maraqlanan oxucular üçün mühüm məlumat və araşdırma materialları təqdim edir.
Hədiyyə olunan nəşrlər sırasında elmi tədqiqatlar, məqalələr topluları, beynəlxalq konfrans materialları, tarixi araşdırmalar, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrinin mədəni irsini əks etdirən kitablar yer alır. Nəşrlərdə tolerantlıq ənənələri, milli-mənəvi irsin qorunması, mədəni müxtəliflik və Azərbaycanın multikultural modelinin müxtəlif istiqamətləri geniş şəkildə işıqlandırılır.
Nəşrlər arasında Qafqaz Albaniyasının etno-mədəni irsinə dair araşdırmalar, islamofobiya mövzusunda hazırlanmış beynəlxalq hesabatlar, Qarabağın tarixi ilə bağlı kitablar, eləcə də Şuşa, Şəki, Gəncə və Şirvanşahlar irsinə dair nəşrlər də diqqət çəkir. Bu kitablar tədqiqatçılar, tələbələr, mütəxəssislər və geniş oxucu auditoriyası üçün elmi və maarifləndirici mənbə kimi əhəmiyyət daşıyır.
Prezident Kitabxanası ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında həyata keçirilən kitab mübadiləsi elmi-mədəni əməkdaşlığın genişlənməsinə, dəyərli nəşrlərin daha geniş oxucu auditoriyasına çatdırılmasına və multikultural ənənələrin təşviqinə xidmət edir. Prezident Kitabxanası fondun zənginləşdirilməsinə verilən töhfəyə və təqdim olunan nəşrlərə görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü bildirir.