2025-ci il avqustun 8-də Xankəndində Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor gənclərinin VI yay düşərgəsində “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru və Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa çıxışında son 200 il ərzində Qərbi Azərbaycanda mərhələli şəkildə soydaşlarımıza qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətindən bəhs edib.
Nazim Mustafa bildirib ki, ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürülüb yerləşdirilməsi nəticəsində tarixdə ilk erməni dövləti yaranmışdır. O, həmçinin azərbaycanlılara məxsus maddi-mədəni irsin sistemli şəkildə məhv edilməsi və ya özgəninkiləşdirilməsi prosesinin paralel şəkildə aparıldığını vurğulayıb.
Mərasimin sonunda Nazim Mustafa tədbir iştirakçılarının suallarını cavablandırıb.