Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Prezident Kitabxanasına öz yaradıcılığına dair 13 adda 23 nüsxədən ibarət kitab və not toplularını hədiyyə edib. Bu nəşrlər Azərbaycan musiqi irsinin qorunması, öyrənilməsi və ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli mənbə kimi qiymətləndirilir.
Hədiyyə edilən nəşrlərə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi “Kvartetlər”, “Uvertüra”, “Vətən nəğmələri”, “Günəşin musiqi dəftəri”, “Müşfiq ağıları”, dörd cilddən ibarət “Seçilmiş mahnılar: piano ilə oxumaq üçün”, həmçinin “Divan: əsərlər toplusu” və digər nəşrlər daxildir. Bu toplular həm bəstəkarın zəngin yaradıcılıq dünyasını əks etdirir, həm də onun klassik musiqi janrlarında Azərbaycan motivlərini necə ustalıqla əks etdirdiyini göstərir.
Təqdim olunan kitab və not topluları Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı fondunu zənginləşdirir və sənətşünaslar, musiqi tədqiqatçıları, eləcə də tələbələr üçün qiymətli vəsait funksiyasını daşıyır. Eyni zamanda bu nəşrlər geniş oxucu auditoriyasının Cavanşir Quliyevin çoxşaxəli yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradır.
Prezident Kitabxanası bu cür mədəni əməkdaşlıqları elmi biliklərin yayılması və milli mədəniyyətin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirir.