2025-ci il aprelin 8-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Prezident Kitabxanasının əməkdaşı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafanın müəllifi olduğu “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” adlı fundamental tədqiqat əsərinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə ictimai-siyasi xadimlər, tarixçilər, media nümayəndələri ilə yanaşı Prezident Kitabxanasının direktoru, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, professor Afət Abbasova da iştirak etmişdir.
Tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilən bu nəşr Azərbaycan xalqının tarixi yaddaşının bərpası və qorunması baxımından mühüm elmi və ictimai əhəmiyyətə malikdir. Çıxışında müəllif vurğulamışdır ki, kitab Qərbi Azərbaycan həqiqətlərinin sistemləşdirilmiş elmi tədqiqini təqdim etməklə, bu torpaqlarda yaşayan soydaşlarımızın üzləşdiyi faciələr – soyqırımlar, deportasiyalar və etnik təmizləmə siyasəti haqqında geniş məlumat verir, həmin tarixi faktları sənədlər, arxiv materialları və real hadisələr əsasında işıqlandırır.
“Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” adlı əsərdə həmçinin İrandan və Türkiyədən köçürülən ermənilərin Qərbi Azərbaycan torpaqlarında həyata keçirdikləri işğalçılıq və məhv siyasəti, İkinci Dünya müharibəsində Qərbi azərbaycanlıların iştirakı, azərbaycanlı toponimlərinə qarşı aparılan cinayətkar dəyişikliklər, İrəvan şəhərinin tarixi azərbaycanlı kimliyi və Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının tarixi-siyasi əsasları ətraflı şəkildə təqdim olunmuşdur.
Kitab bu sahədə aparılmış geniş tədqiqatların nəticəsi olmaqla yanaşı, həm də milli kimliyimizin, tarixi köklərimizin və ərazi yaddaşımızın qorunmasına xidmət edən mühüm nəşrdir. Prezident Kitabxanası bu cür elmi əsərlərin təbliğini və geniş oxucu auditoriyasına çatdırılmasını istiqamətində fəaliyyətini davam etdirir.