Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” alt bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin zəngin ədəbi irsinə həsr olunmuş elektron kolleksiya yaradılıb.
Azərbaycan romantizminin banilərindən biri olan Hüseyn Cavid Şərq poetik ənənələrindən və dünya romantizminin nailiyyətlərindən bəhrələnərək milli ədəbiyyatın inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığında insan və cəmiyyət, azadlıq və ədalət, məhəbbət və mənəviyyat, xeyir və şər kimi ümumbəşəri mövzular fəlsəfi dərinlik və yüksək bədii məharətlə əks olunub. Şairin fəlsəfi lirika nümunələri, mənzum faciələri və tarixi dramları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.
Kolleksiyada Hüseyn Cavidin şeirləri, poemaları, dram əsərləri və yaradıcılığının müxtəlif istiqamətlərini əks etdirən digər materiallar təqdim olunur. “İblis”, “İblisin intiqamı”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” kimi əsərləri sənətkarın humanist ideallarını, insanın mənəvi aləminə münasibətini və həyatın fəlsəfi mahiyyəti ilə bağlı düşüncələrini əks etdirir. Parlaq obrazları və dərin ideya məzmunu ilə seçilən dramaturgiyası Azərbaycan teatr mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.
Hüseyn Cavidin yaradıcılığı ilə yanaşı, həyat yolu da milli yaddaşda xüsusi yer tutur. Sovet repressiyalarının qurbanı olmuş sənətkarın nəşinin 1982-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Sibirdən (Rusiya Federasiyası) Azərbaycana gətirilməsi və Naxçıvanda dəfn olunması onun xatirinə ehtiramın mühüm təzahürlərindən biridir.
Elektron kolleksiya Hüseyn Cavidin yaradıcılığının müxtəlif istiqamətləri ilə tanış olmaq, onun Azərbaycan ədəbiyyatının inkişafındakı yerini daha dərindən öyrənmək istəyən tədqiqatçılar və ədəbiyyatsevərlər üçün dəyərli informasiya mənbəyidir. Kolleksiyada təqdim olunan materiallar sənətkarın bədii-fəlsəfi irsinin araşdırılmasına, yaradıcılığının əsas xüsusiyyətlərinin öyrənilməsinə və ədəbi irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, romantizm ədəbi cərəyanının banilərindən biri, şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış kolleksiya onun həyat və yaradıcılığını əhatə edən…