2026-cı il oktyabrın 7-də Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər silsiləsindən Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə və musiqi irsinə göstərdiyi böyük qayğıdan bəhs edib. O, Əməkdar incəsənət xadimi Aydın Əzimovun özünəməxsus dəsti-xətti ilə milli musiqi mədəniyyətimizin inkişafına töhfələr verdiyini, onun əsərlərində dərin fəlsəfi məzmun və milli ruhun parlaq şəkildə təcəssüm olunduğunu vurğulayıb. Həmçinin Aydın Əzimovun Üzeyir Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin bərpası, klaviri, xor və böyük simfonik orkestr, böyük nəfəsli orkestr üçün işlənməsi istiqamətindəki mühüm xidmətləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin, görkəmli sənətkarlarımızın zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılması və təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra bəstəkar Aydın Əzimovun həyat və fəaliyyətini, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub. Videoçarxdan sonra Əməkdar incəsənət xadimi Aydın Əzimov çıxış edərək yaradıcılıq yolu, əsərlərinin yaranma tarixi və musiqi dünyası haqqında təəssüratlarını bölüşüb, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin bədii və interaktiv müzakirə hissəsində bəstəkarın müxtəlif illərdə ərsəyə gətirdiyi rəngarəng musiqi nömrələri dinlənilib, yaradıcılıq nümunələri ətrafında fikir mübadiləsi aparılıb. Proqram çərçivəsində bəstəkarın “Ləzgihəngi”, “Son oyun”, “Hörümçək”, “Yol” kompozisiyaları, Dilsuz Mustafanın sözlərinə bəstələnmiş “Ürəyim azaddır...” və “Aylı gecə sərin olur...”, Rəhman Əlizadənin sözlərinə “Ağ tut”, Əhməd Cavadın sözlərinə “Bayrağım”, həmçinin Vaqif Səmədoğlunun sözlərinə yazılmış “Şər” əsərləri tədbir iştirakçılarına təqdim olunub.
Dəyirmi masada respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri - Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdi, musiqişünas Leyla Əhməd xan, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlahə Abdulla, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova bəstəkarın yaradıcılıq palitrası, onun teatr, kino və vokal musiqisindəki özünəməxsus dəsti-xətti barədə dəyərli mülahizələrini bölüşüblər.