Xəbərlər

Prezident Kitabxanasında “20 sentyabr — Dövlət Suverenliyi Günü” adlı sərgi təşkil olunub

Prezident Kitabxanasında “20 sentyabr — Dövlət Suverenliyi Günü” adlı sərgi təşkil olunub

Prezident Kitabxanasında “20 sentyabr — Dövlət Suverenliyi Günü” adlı sərgi təşkil olunub

20 sentyabr Azərbaycan tarixinin son iki yüzillik salnaməsində xüsusi yer tutan gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 sentyabr hər il Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri kimi qeyd olunur. Bu qərar dövlət suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin edilməsinin simvolik ifadəsidir.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş vermiş genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu antiterror əməliyyatına başladı. Əməliyyat cəmi 23 saat davam edib və 20-də yekunlaşaraq nəticədə Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edilərək ərazilərdən çıxarılıb, həmin ərazilərdə konstitusiya quruluşu bərpa olunub və dövlət suverenliyi tam şəkildə təmin edilib. Bu proseslər nəticəsində üçrəngli bayraq suverenliyin təmin edildiyi bütün ərazilərdə yenidən dalğalanmağa başlayıb.

Dövlət suverenliyinin bərpası və bu tarixə həsr olunmuş tədbirlər çərçivəsində Prezident Kitabxanasında “20 sentyabr — Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi təşkil olunub. Sərgidə Aprel döyüşləri, Tovuz qarşıdurmaları, 44 günlük Vətən müharibəsi və son hadisələrə dair nəşrlər təqdim edilir. Ekspozisiya Ali Baş Komandanın həyata keçirdiyi hərbi-siyasi strategiyaya, Azərbaycan əsgərinin rəşadətinə və şəhidlərimizin fədakarlığına dair mənbə və xronik materialları oxucuların diqqətinə çatdırır.

Sərgi oxuculara ölkəmizin son illərdə keçdiyi tarixi prosesləri sistemli şəkildə izləmək və dövlət suverenliyinin bərpası haqqında etibarlı mənbələrdən məlumat almaq imkanı yaradır.