Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda nəqliyyat” və “Azərbaycanda uşaqlar” adlı statistik məcmuələri hədiyyə edib.
“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsində informasiya, rabitə və poçt xidmətləri üzrə əsas göstəricilər, bu sahələrin inkişaf dinamikası, ATS-lərin sayı və ümumi tutumu, sabit şəbəkə telefonlarının sayı və telefon rabitəsinə dair digər məlumatlar təqdim olunur. Göstəricilər şəhər və kənd yerləri, eləcə də iqtisadi rayonlar üzrə verilib. Nəşrdə rabitə və poçt müəssisələrində çalışan işçilərin sayı, onların orta aylıq nominal əməkhaqqı və digər göstəricilərlə yanaşı, müqayisə məqsədilə MDB ölkələrinin rabitə sahəsi üzrə əsas statistik məlumatlar da əks olunub. Məcmuənin sonunda əsas anlayış və göstəricilərə dair metodoloji izahlar verilib.
“Azərbaycanda nəqliyyat” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini və inkişaf dinamikasını xarakterizə edən əsas göstəricilər təqdim olunur. Nəşrdə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması və sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlirlər və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumatlar yer alır. Regionlar üzrə avtomobil nəqliyyatı və yollar, həmçinin müqayisə üçün bir sıra dünya ölkələrinin nəqliyyat sahəsinə dair statistik göstəricilər də nəşrdə təqdim edilib. Cədvəllərdən sonra statistik göstəricilərin formalaşmasına dair qısa metodoloji izahatlar verilib.
“Azərbaycanda uşaqlar” statistik məcmuəsi 2000-2025-ci illərin statistik məlumatlarını əhatə edir. Nəşrdə uşaqların sayı, doğulanlar, ölənlər və təbii artım, təhsil və mədəniyyət, müalicə-profilaktik xidmətlər, sosial müdafiə, xəstəliklər və ölüm halları, cinayətkarlıq üzrə məlumatlarla yanaşı, məktəbəqədər və ümumi təhsil müəssisələri, uşaq xəstəlikləri və digər göstəricilər təqdim olunur. Məlumatlar iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə də verilib.
Statistik məcmuələr telekommunikasiya və poçt, nəqliyyat, demoqrafiya və sosial sahələr üzrə əsas göstəricilər haqqında məlumat əldə etməyə, ayrı-ayrı dövrlər və ərazilər üzrə müqayisələr aparmağa imkan verir. Nəşrlərdə əks olunan statistik məlumatlar tədqiqat və araşdırmalarda, mütəxəssislərin peşə fəaliyyətində, media materiallarının hazırlanmasında, eləcə də geniş oxucu auditoriyasının müxtəlif sahələr üzrə məlumatlarla tanışlığında istifadə oluna bilər.