28 aprel 2025-ci il tarixdə Prezident Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açıb. O, Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, elmi nailiyyətləri və Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətləri xüsusi vurğulayıb. Professor Abbasova qeyd edib ki, Zərifə xanım təkcə gözlərə nur bəxş etməyib, həm də səmimi münasibəti və humanist dəyərləri ilə könüllərə işıq saçaraq xalqımızın qəlbində əbədi yer tutub.
Tədbirin davamı olaraq, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Bununla yanaşı, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Zərifə Əliyeva” adlı virtual sərgi tədbir çərçivəsində iştirakçılara təqdim edilib. Sərgi, alimin həyat yolunu, elmi nailiyyətlərini və cəmiyyətə göstərdiyi əvəzsiz töhfələri əks etdirən kitablarla zənginləşdirilib və iştirakçılara Zərifə xanımın əvəzsiz irsini daha dərindən kəşf etməyə imkan yaradıb.
Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova çıxışlarında görkəmli alim Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, elmi və ictimai fəaliyyətində qazandığı böyük nailiyyətlərdən bəhs etmiş, həmçinin tədbir iştirakçılarına tanınmış şəxsiyyətlərin və Zərifə xanımın yaxınlarının onun barəsində bölüşdüyü dəyərli xatirələri təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar Prezident Kitabxanasında təşkil olunan və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə baxış keçiriblər. Sərgidə alimin elmi əsərləri, onun haqqında yazılmış kitablar nümayiş etdirilib.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl…