Xəbərlər

Bakı Slavyan Universitetinin tələbələri Prezident Kitabxanasında təcrübə keçirlər

Bakı Slavyan Universitetinin tələbələri Prezident Kitabxanasında təcrübə keçirlər

Bakı Slavyan Universitetinin tələbələri Prezident Kitabxanasında təcrübə keçirlər

Bakı Slavyan Universitetinin Şərqi Avropa və Qərbi Avropa dilləri fakültəsinin tələbələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında istehsalat təcrübəsi keçirlər.

Təcrübə çərçivəsində tələbələr yalnız nəzəri biliklərini dərinləşdirmir, eyni zamanda kitabxananın əsas fəaliyyət istiqamətləri ilə yaxından tanış olurlar. Onlar kitabxananın strukturu, müxtəlif şöbələrin funksiyaları ilə ətraflı şəkildə tanış olur, istifadəçilərə xidmət, materialların sistemləşdirilməsi və kataloqlaşdırılması, eləcə də informasiya-analitik fəaliyyət də daxil olmaqla gündəlik iş proseslərində iştirak edirlər.

Tələbələr, həmçinin ixtisas dillərinə uyğun olaraq, kitabxana fondunda həmin dillərdə olan ədəbiyyatlarla işləmə təcrübəsi qazanır, dil bacarıqlarını praktik mühitdə tətbiq edərək mövcud resurslardan daha səmərəli istifadə etməyi öyrənirlər.

Xüsusi diqqət müasir rəqəmsal texnologiyaların tətbiqinə yönəldilir. Tələbələr kompüterlər, skanerlər və ixtisaslaşmış proqram təminatı ilə işləyir, informasiyanın mühafizəsi, emalı və təqdim olunmasının müasir üsulları haqqında ətraflı məlumat əldə edirlər.

Prezident Kitabxanası təcrübəçilərə əlverişli tədris mühiti təqdim etməklə yanaşı, zəngin kitab fondu, texniki sənədlər və elektron resurslara çıxış imkanı da yaradır. Real iş tapşırıqlarında iştirakı isə tələbələrin gələcək peşəkar fəaliyyətlərində uğur qazanmaları üçün möhkəm zəmin formalaşdırır.