1969-cu il 14 iyulda Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə başlanan yeni inkişaf mərhələsi müasir dövlətçiliyimizin əsaslarını formalaşdırdı. Bu tarixi hadisənin ildönümü ərəfəsində Prezident Kitabxanasının fonduna Ümummilli liderin zəngin siyasi irsini əhatə edən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yenidən nəşr olunmuş səkkizinci cildinin daxil edilməsi bu irsin ardıcıl şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu nəşr 1995-ci il iyunun 23-dən sentyabrın 20-dək olan dövrdə Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı çıxışları, bəyanatları, müsahibələri və digər rəsmi sənədləri əhatə edir.
Kitabda 1995-ci ilin mart ayında baş vermiş dövlət çevrilişi cəhdindən sonra keçirilmiş müşavirədə səsləndirilmiş prinsipial və məzmunlu çıxışa xüsusi yer ayrılıb. Bu nitqdə həmin dövr ərzində həyata keçirilən sabitlik tədbələri və hüquqi-siyasi islahatların əsas məqamları geniş şəkildə təqdim olunur.
Nəşrdə həmçinin Ümummilli liderin Bolqarıstan və Rumıniyaya rəsmi səfərləri zamanı irəli sürdüyü strateji mövqelər, eləcə də Buxarestdə baş tutmuş Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısındakı çıxışının mətninə də yer verilib.
Cildin diqqətəlayiq hissələrindən biri də yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı Komissiyanın iclasında söylənilən çıxışdır. Bu çıxışda Heydər Əliyevin hüquqi dövlət quruculuğu, demokratik institutların təşəkkülü və insan hüquqlarının müdafiəsi ilə bağlı baxışları əks olunub.
Eyni zamanda, kitabda kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlara dair müşavirədə irəli sürülən fikirlər də təqdim edilib. Torpaq islahatları, aqrar sektorun modernləşdirilməsi və struktur dəyişiklikləri ilə bağlı qeyd olunan yanaşmalar həmin dövrün sosial-iqtisadi siyasətində mühüm yer tutur.
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyi yalnız tarixi faktların toplusu olmaqla kifayətlənmir, eyni zamanda müstəqil Azərbaycanın siyasi irsini və dövlət idarəçiliyi təcrübəsini sənədlər əsasında sistemləşdirən mühüm mənbədir. Bu nəşrin Prezident Kitabxanasının fonduna daxil edilməsi həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün böyük elmi və informasiya dəyəri daşıyır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
8-ci kitab: iyun, 1995 – sentyabr, 1995.- Bakı: Azərnəşr, 2025.- 400 s.