Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin "Ədəbi irs" alt bölməsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş xüsusi kolleksiya istifadəyə verilib.
Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Nəriman Həsənzadə çoxillik yaradıcılıq fəaliyyəti dövründə şeir, poema, dram, nəsr və ədəbi-tənqid janrlarında dəyərli əsərlər qələmə alıb. Milli-mənəvi dəyərlərə bağlılığı, vətən sevgisi, fəlsəfi dərinliyi və bədii orijinallığı ilə seçilən sənətkarın yaradıcılığı Azərbaycan oxucusunun mənəvi dünyasında özünəməxsus yer tutub.
Kolleksiyaya şairin lirik şeir kitabları, fəlsəfi və vətənpərvərlik ruhlu poemaları, dram əsərləri, elmi-ədəbi tənqidi yazıları, xatirə-publisistik məqalələri, nəsr nümunələri, habelə müxtəlif illərdə çap olunan seçilmiş əsərləri daxil edilib. Bu nəşrlərin vahid məkanda toplanması həm sənətkarın irsini bütövlükdə araşdırmaq istəyən tədqiqatçılar, həm də Azərbaycan poeziyasını sevən geniş oxucu auditoriyası üçün etibarlı mənbə rolunu oynayır.
Prezident Kitabxanasının "Ədəbi irs" alt bölməsi Azərbaycan ədəbiyyatının görkəmli simalarının yaradıcılıq irsini rəqəmsal formatda qoruyaraq gələcək nəsillərə ötürmək və milli mədəni yaddaşı yaşatmaq məqsədilə fəaliyyət göstərir. Nəriman Həsənzadəyə həsr olunmuş kolleksiyanın bu bölməyə daxil edilməsi sənətkarın Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısındakı xidmətlərinin layiqli qiymətidir.
Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının XX əsr ikinci yarısı və XXI əsrin əvvəllərində formalaşan poetik mühitində özünəməxsus yeri olan görkəmli şair, dramaturq və publisistdir. Onun yaradıcılığı milli-mənəvi dəyərlərə bağlılıq, vətəndaşlıq mövqeyi,…