Xəbərlər

Fərid Novruzinin dünya səyahətindən bəhs edən kitabı Prezident Kitabxanasının fonduna hədiyyə olunub

Fərid Novruzinin dünya səyahətindən bəhs edən kitabı Prezident Kitabxanasının fonduna hədiyyə olunub

Fərid Novruzinin dünya səyahətindən bəhs edən kitabı Prezident Kitabxanasının fonduna hədiyyə olunub

Tanınmış iş adamı, memar, səyyah və alpinist Fərid Novruzinin dünya səyahətinə dair yazdığı kitab Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına hədiyyə olunub. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən bu kitab müəllifin 60 min kilometrə yaxın məsafəni təyyarə istifadə etmədən, yalnız quru və su nəqliyyat vasitələri ilə 158 gün ərzində qət etdiyi qeyri-adi dünya səyahətindən bəhs edir.

Kitabda müəllifin altı qitəni və 40-dan çox ölkəni əhatə edən səfəri zamanı qarşılaşdığı çətinliklər, sərhəddə yaranan gözlənilməz maneələr, boş və kimsəsiz hotellərdə keçirdiyi gecələr, yük maşınlarında qət etdiyi uzun yollar olduqca canlı və təsirli şəkildə təsvir olunur. Bu səfər, həm də qlobal pandemiyanın yaratdığı çətinliklər fonunda həyata keçirilmiş və insan iradəsinin, əzm və məqsədyönlülüyünün təntənəsi kimi yadda qalmışdır.

Fərid Novruzi səfəri zamanı ekoloji və sosial mövzulara diqqət çəkmiş, təyyarəsiz dünya səyahətləri vasitəsilə karbon izini azaltmaq və alternativ səyahət formatlarına marağı təşviq etmək məqsədi güdmüşdür. Onun səyahətləri təkcə coğrafi mənada deyil, həm də mənəvi zənginlik baxımından dərin məzmun daşıyır.

Qeyd etmək lazımdır ki, Fərid Novruzi 2010-cu ildən etibarən səyyah kimi 100-dən çox ölkəni ziyarət etmiş, 27 yüksək dağa qalxmış, Azərbaycan Çimərlik Futbolu Federasiyasına rəhbərlik etməklə yanaşı, həm də Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədridir.

Prezident Kitabxanasına hədiyyə olunan bu nəşr həm səyahətsevərlər, həm də həyatın müxtəlif sahələrində motivasiya axtaran oxucular üçün dəyərli mənbə və ilhamverici bir əsərdir.