Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, şair-publisist Musa Urud müəllifi olduğu "Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti" adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib.
Kitab, 1920-ci ildə Sovet hökuməti tərəfindən Ermənistan SSR-ə verilməsinə baxmayaraq, Azərbaycanın qədim mədəniyyət və dövlətçilik mərkəzlərindən biri olan Qərbi Zəngəzurdakı toponimlərin ətraflı və sistemli tədqiqinə həsr olunmuş və bölgənin tarixi yaddaşının bərpası baxımından mühüm elmi əhəmiyyət daşıyan bir tədqiqat əsəridir.
Tədqiqatda qədim dövrdən çağdaş günümüzə qədərki mənbələr, sənədlər, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, habelə yerli sakinlərin məlumatları əsasında bölgədəki toponimlərin tarixi, etimologiyası və mədəni-etnoqrafik mənzərəsi geniş şəkildə işıqlandırılmışdır. Eyni zamanda, kitabda Ermənistanda ötən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən toponimlərin məqsədli surətdə dəyişdirilərək erməniləşdirilməsi prosesinin xronologiyası da elmi dəqiqliklə təqdim olunmuşdur.
Bu izahlı lüğət Musa Urudun Zəngəzurun tarixinə həsr etdiyi yeddinci tədqiqat əsəridir. Nəşr bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar və tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbə kimi nəzərdə tutulmuşdur.
Prezident Kitabxanası bu dəyərli elmi töhfəyə görə hörmətli müəllif Musa Uruda səmimi minnətdarlığını bildirir. Kitabın elektron variantı Prezident Kitabxanasının elektron kitablar bölməsinə əlavə edilib və oxucuların ixtiyarına verilib.
Urud, Musa. Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti / M. Urud; İ. Ə. Həbibbəyli.- Bakı: MSV Nəşr, 2025.- 316 s.